Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyi münasibətilə mayın 3-də Astanada, Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasında “TÜRKSOY-un 30-cu ili: nəticələr və gözləntilər” adlı tədbir keçirilib.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikasının Birinci Prezidenti Kitabxanasının direktoru Bakıtjan Temirbolat, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Nurqisa Daueşov, Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumış, Azərbaycan ın Milli Məclisinin deputatı Hikmət Babaoğlu və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda TÜRKSOY-un tarixinə, keçdiyi yola nəzər salınıb. TÜRKSOY-dan sonra Türk dünyasını əhatə edən digər qurumların yarandığı vurğulanıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirdə çıxış edən Günay Əfəndiyeva türk dövlətlərinin əlaqələrinin gücləndirilməsi məqsədilə qurulmuş ilk təşkilat olan TÜRKSOY-u yubiley münasibətilə təbrik edib. O, təşkilatın həyata keçirdiyi tədbir və layihələrin ümumtürk mədəniyyətinin dünya səviyyəsində tanıdılmasında önəmli rol oynadığını vurğulayaraq Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun TÜRKSOY-la qarşılıqlı fəaliyyətlərindən də bəhs edib.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətinə diqqət çəkən Günay Əfəndiyeva 2023-cü ildə Şuşa şəhərinin bu adı daşıması ilə əlaqədar Fond tərəfindən də “Şuşa günləri” layihəsinin həyata keçirildiyini deyib. Bildirib ki, “Şuşa günləri”nin müxtəlif şəhərlərdə təntənə ilə keçirilməsi Fond və TÜRKSOY arasında əməkdaşlığın gözəl nümunəsidir.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya, digər qonaqlara “TÜRKSOY-un 30-cu ildönümü” yubiley medalı təqdim olunub.