Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq konfrans keçirilib.

Konfrans mayın 3-də Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev girış sözündə Heydər Əliyevin qardaş türk ölkələrinin münasibətlərinin möhkəmləndirilməsindəki rolundan danışıb: “Heydər Əliyev Türk dünyasını bütövləşdirmək, türk xalqlarını yaxınlaşdırmaq üçün böyük səylər göstərdi. O, Türk dövlətlərinin inteqrasiyasına xidmət edən əməkdaşlıq təşkilatlarının qurulmasına mühüm töhfələr verib...”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının böyük dövlət və siyasi xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin Qazaxıstanda təşkilinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, Heydər Əliyev tərəfindən Türk dünyası ilə əlaqələrin qurulması naminə sevgi və uzaqgörənliklə atılmış addımlar bu gün öz bəhrəsini verməkdədir: “Könlü hər zaman türk coğrafiyası ilə türk xalqları ilə bərabər olmuş Heydər Əliyevi bu gün bütün Türk dünyası özünə doğma hesab edir. Zaman keçdikcə ona bəslənilən hörmət və ehtiram daha da artır. Və buna görə də Ulu Öndər təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük oğlu adlandırılır”.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darhan Kıdırali bildirib ki, Qazaxıstanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrin inkişafının təməlini Heydər Əliyev qoyub. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu il Qazaxıstana səfəri zamanı Heydər Əliyevin 100 illik yubileyi tədbirlərinə başladığını və il ərzində bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə “Əziz həyat” sənədli filminin hazırlanması bu layihələrdən ilkidir.

TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumış, tanınmış dövlət xadimi, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qazaxıstan Senatının deputatları Bibigul Jeqzenbay, Qaliaskar Sarıbayev, Qazaxıstan Respublikasının birinci xarici işlər naziri Toleutay Suleymenov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, L.Qumiliov adına Avrasiya Milli Universitetinin professorları Saule Tajıbayeva, Amantay Şarif və digər çıxış edənlər Heydər Əliyevin Türk dünyasının mədəni-mənəvi irsini mükəmməl bildiyini, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıblar.

Tədbir çərçivəsində Qazaxıstan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Əziz həyat” sənədli filminin bir hissəsi nümayiş etdirilib.