Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir təşkil olunub.

“Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru Aslan Cəfərov çıxışında öz uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan, tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyət olan Heydər Əliyevin mənalı həyat yolu və dövlətçilik irsinin Azərbaycan xalqı üçün tükənməz bir mənəvi xəzinə olduğunu söyləyib.

Elmi işlər üzrə direktor müavini Günay Həsənova “Heydər Əliyev İli” ilə əlaqədar kitabxananın həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət: Heydər Əliyev – 100” layihəsi çərçivəsində təşkil olunan tədbir, görüş və seminarlar haqqında məlumat verib.

“Mirvardi Dilbazi Poeziya Məclisi” İB-nin sədri, Kəlağayı Muzeyinin direktoru şair-publisist Güllü Eldar Tomarlı deyib ki, Heydər Əliyev daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşıb.

Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü Səadət Buta, Vətən müharibəsi şəhidi Xansu Qurbanovun anası Yəmən Abbasova çıxışlarında bildiriblər ki,  Heydər Əliyevin tarixi köklərimizə, Türk dünyasının qədim eposlarına, folklorumuza, saz-söz sənətinə daim yüksək qiymət verib.

Sonra “Heydər Əliyev və Azərbaycanda nitq mədəniyyəti”, “Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu”, “Heydər Əliyev – mədəniyyətimizin himayədarı” mövzularında məruzələr dinlənilib.

Sonda “Tarix yaradan şəxsiyyət: Heydər Əliyev – 100” adlı videomaterial nümayiş olunub, Xalq şairi Mirvarid Dilbazinin şeirləri səsləndirilib, aşıq havaları ifa olunub.