Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Yavər Cəbrayılov 6 may 2023-cü il tarixində, ömrünün 74-cü ilində vəfat edib.

Yavər Qəhrəman oğlu Cəbrayılov 14 avqust 1948-ci ildə Neftçala rayonunun Xolqarabucaq kəndində doğulub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib. 1971-1972-ci illərdə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

Uzun müddət mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışıb, 1993-2006-cı illərdə Salyan Rayon Mədəniyyət Şöbəsinin müdiri olub. 2006-2020-ci illərdə Salyan Dövlət Kukla Teatrının direktoru işləyib.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Y.Cəbrayılov Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində “Cəngi” milli nəfəsli xalq kollektivinin yaradılmasında da yaxından iştirak edib. O, eyni zamanda bölgənin musiqi və folklor mühitinin təbliğinə töhfələr verib.

Allah rəhmət eləsin.