“Ulduz” jurnalının aprel nömrəsi çap edilib. Jurnalın “Ədəbiyyat qəzeti” və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC ilə ortaq layihəsi çərçivəsində işıq üzü görən xüsusi buraxılışı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Jurnal Xalq yazıçısı Anarın “Qalib gəldi, qalib getdi” sərlövhəli məqaləsi ilə açılır. Müəllif Heydər Əliyevlə bağlı düşüncələrini, xatirələrini və unudulmaz ədəbi görüşlərə dair fikirlərini bölüşür.

Xalq yazıçısı Elçinin “Dünya axirət əkini”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Ədəbiyyata həyatdan gələn qəhrəman”, professor Mahirə Nağıqızının “Ulu Öndər Heydər Əliyev və natiqlik sənəti” yazılarında Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilir. Ədəbiyyatşünas Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri”, akademiklər İsa Həbibbəylinin “Heydər Əliyevin böyük ədəbiyyat siyasəti”, Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni”, Xalq yazıçısı Kamal Abdullanın “Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi”, şair-publisist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", professor Qəzənfər Paşayevin "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz" və digər məqalələrində Heydər Əliyevin ədəbiyyatımızın, incəsənətimizin tərəqqisinə bəxş etdiyi əvəzsiz töhfələrdən söz açılır, milli-mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyətinə nəzər salınır.