Bu gün İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 78-ci ildönümü tamam olur.

Xalqımız faşizm üzərində Qələbəyə böyük töhfələr verib. Azərbaycan 1941–1945-ci illərdə 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.

Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan Sovet Ordusu üçün yanacaq-sürtgü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Prezident İlham Əliyev aprelin 26-da İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Azərbaycan xalqı artıq üçüncü ildir ki, 1941–1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük Zəfərin, erməni faşizmi üzərində qalibiyyətin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət Zəfər çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941–1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.