Mayın 5-də Bakıda Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri professor Aygün Attarın "Qarabağ Zəfəri – 44 günün pərdəarxası" adlı kitabının (2021) təqdimatı keçirildi.

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın fikirləri ilə başlayan kitabda 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı həm cəbhədə, həm də siyasi-diplomatik müstəvidə olaylar salnamə şəklində öz əksini tapıb.

Təqdimatda çıxış edən müəllif Aygün Attar bildirdi ki, Prezident Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində sonra 2020-ci ilin 10 dekabr tarixində Bakıda keçirilən möhtəşəm Zəfər paradında iştirak edib Türkiyəyə qayıdarkən "Əminəm ki, bu 44 günün pərdəarxası yazılacaq", – deyə bildirmişdi: “Qarabağ Zəfəri – 44 günün pərdəarxası" kitabı artıq yazıldı və bu kitab bütün həqiqətləri özündə əks etdirir”.

Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkilləri Hicran Hüseynova, Hikmət Babaoğlu, professor Rafiq Əliyev və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz və digər çıxışçılar kitabın əhəmiyyətini yüksək qiymətləndirdilər. 

Qeyd edək ki, məsləhətçisi Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın olan Kitab Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TİKA, Anadolu Agentliyi və AZƏRTAC-ın dəstəyi ilə hazırlanıb. Kitabda Qarabağın işğalının qısa tarixi, 44 günün xronologiyası, dinc əhaliyə qarşı hücumlar, Qarabağ Zəfəri, beynəlxalq aktlar və digər bölümlərdə Azərbaycanın Qarabağ savaşında qazandığı Qələbəni addımbaaddım izləmək imkanı yaradılıb.

Lalə Azəri