Bu gün faşizm üzərində qələbənin 78-ci ildönümü tamam olur. 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan və rus dillərində daycest, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, faşizm üzərində qələbəyə aid daycestdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi mövzusunda söylədikləri dəyərli fikirlər yer alıb. Burada İkinci Dünya müharibəsinə və bu müharibədə göstərilən qəhrəmanlıq nümunələrinə dair dövrü mətbuatda son illərdə dərc olunan “Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub”, “Qarabağı düşmən caynağından alan igidlər qəhrəman ata babaların övladlarıdır”, “Dünya xalqlarının faşizm əsarətindən xilasında Bakı neftinin rolu”, “Azərbaycan İkinci Dünya müharibəsi illərində”, “Fransalı yazıçı Əhmədiyyə Cəbrayılovdan yazır” kimi 20-dən çox məqalənin biblioqrafik təsviri, həmçinin qısa xülasəsi yer alıb.

Rus dilində tərtib olunan “9 may Qələbə günü kitablarda” adlı virtual sərgidə İkinci Dünya müharibəsi haqqında məlumatla yanaşı, müharibə illərinə həsr olunmuş “Uzaq sahillərdə”, “Müharibə xatirələri”, “Leninqrad gündəliyi”, “Müharibə zamanı həyat”, “Sabah müharibə idi” kimi 15-dən çox kitabın görüntüsü və qısa annotasiyası təqdim edilib.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan xalqının 600 mindən çox vətəndaşının bu şanlı qələbədə payı vardır. 130-dan çox Azərbaycan vətəndaşı həmin müharibə zamanı göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif ediliblər.