Azərbaycan xalqı tarixin qədim və çətin dövrlərindən belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəslə ötürərək bu günlərə kimi gətirməyi bacarmışdır. İslam dininin zəngin dəyərlərindən dönməyən, daxili inamı və mənəvi saflığı ilə xalqımız tarixin ən keşməkəşli mərhələlərində belə milli əxlaqi və bəşəri duyğularını təcəssüm etdirərək bu dəyərlərə həmişə sadiq qalmışdır.

XX əsrin son qərinəsində xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin bütün sahələrində sürətli inkişaf və nailiyyətlər əldə edilməsində müstəsna xidmətləri olmuşdur.

"Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr Ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun xalqımızın tarixi keçmişinə, ədəbiyyatına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahələrin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan vermişdir.

1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.

Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin əksini tapdığı “Kitabi-Dədə Qorqud” eposunun xilası və bu dastanın təbliği məqsədilə bədii filmin çəkilişi, habelə müstəqillik dövründə 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsinə nail olmuşdur. Bununla dahi siyasətçi sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyinin möhkəm təməllərinin atılmasına nail oldu. Eyni zamanda Ulu öndərin təşəbbüsü, diqqət və qayğısı sayəsində Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyli və bir çox söz və musiqi sənəti ustadlarının əsərlərinin, eləcə də aşıq poeziyasının təkrarsız nümunələrinin sovetlər məkanında daha dərindən təbliği istiqamətində mühüm addımlar atılmışdır. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin Bakıda və Moskvada yüksək səviyyədə qeyd edilməsi, eləcə də belə möhtəşəm tədbirin həm də aşığın doğulduğu Göyçə mahalında keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, Ulu babalarımızın indiki Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmırdılar. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısına qalırdı. Görkəmli mədəniyyət və ədəbiyyat xadimləri – Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, eləcə də Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəmov və s. o dövrün ən yüksək təltifinə – “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına məhz Heydər Əliyevin xüsusi qayğısı nəticəsində layiq görülmüşdülər. Ulu öndər bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarda iştirak edir, dərin, məzmunlu nitqi ilə iştirakçıların rəğbətini qazanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi,  bilicisidir.

Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Gəncliyində incəsənətə gəlmək və memar olmaq istəyən Ulu öndəri zaman siyasət memarına çevirdi.

Azərbaycana rəhbərliyi illərində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də kadr çatışmazlığı böyük problemə çevrilmişdi. Həmin dövrdə Ulu öndərin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi və mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. 1970-1980-ci illərdə Bakıda Şirvanşahlar Sarayı Kompleksi, Naxçıvanda Möminə xatın, Yusif Küseyiroğlu və Qarabağlar türbələri, Mərdəkandakı Düzbucaqlı və Dairəvi qəsrlər, Şəkidə Xan sarayı, Bərdə türbəsi, Mərəzədə Diri Baba türbəsi və s. ölkə əhəmiyyətli tarixi abidələrin qorunub saxlanılması istiqamətində mühüm işlər həyata keçirildi.

Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən, İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi qoruq elan edildi.

Heydər Əliyevin qayğısı və səyləri ilə ədəbiyyatımız və mədəniyyətimiz beynəlxalq aləmdə geniş şəkildə tanıdıldı. Dahi siyasətçi yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən vahid bir ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Heydər Əliyev 2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi Türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, Türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”.

Böyük romantik şair və mütəfəkkir Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən gətirilib doğulduğu Naxçıvanda torpağa tapşırılması və Cavidlər məqbərəsinin tikilməsi, Bakıda Nəsimiyə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllərin qoyulması Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və mədəniyyətinin qayğısının parlaq təzahürüdür.

Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirirdi. 1990-cı illərin əvvəllərində bir müddət ölkəmiz, o cümlədən də mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylərin qapıları yenidən tamaşaçıların üzünə açıldı və eyni zamanda ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul edilmiş 10 aprel 1998-ci il tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanun bu istiqamətdə mühüm addım oldu...

Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.

Lətafət Beybutova
Quba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri