Ölkəmiz Kubada beynəlxalq konqresdə təmsil olunub

 

Kuba Respublikasının paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Konqres keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbirdə iştirak edib.

Tədbirin ilk günü qonaqları qəbul edən Kuba prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açıb, 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb.

Konqres çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü olub.

“Dayanıqlı inkişaf naminə mədəniyyət” mövzusunda keçirilən görüşdə Şərqlə Qərb arasında yerləşən Azərbaycanın zəngin tarixi-mədəni irsə sahib olduğu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb. Dövlət Xidməti rəisinin çıxışında ölkəmizin təşəbbüsü olan “Bakı Prosesi” və bu çərçivədə 2009-cu ildən etibarən 6 dəfə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumun qlobal platforma kimi əhəmiyyəti vurğulanıb.