“İncəsənətdə realizmə sadiq qalın, əsl həyatı əks etdirin...”

 

Milli mədəniyyətimizin, incəsənətimizin bir çox sahələri Ulu öndər Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil respublikamıza rəhbərliyi dövründə onun xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu, sadəcə, bir siyasi rəhbər, respublikanın başçısı tərəfindən deyil, eyni zamanda mədəni irsə, incəsənət tarixinə, nəzəriyyəsinə yaxından bələd olan, əsl sənətkarlığı dərindən duyan, dəyərləndirən, yüksək estetik zövqü, təhlil bacarığı və obyektiv mülahizələri ilə diqqət çəkən sənət bilicisi tərəfindən göstərilən diqqət və qayğı idi.

Məhz buna görə Heydər Əliyevin sənət adamları ilə görüşlərdə, incəsənətlə bağlı müxtəlif toplantılarda çıxışları hər zaman peşəkar səviyyədə olurdu. Həmin çıxışlarda sənətə və sənətkarlığa obyektiv qiymət də vardı, əsaslı tənqid və təhlil də vardı, dəyərli tövsiyələr də.

Bu baxımdan Heydər Əliyevin 1982-ci il oktyabrın 13-də, Azərbaycan rəssamlarının IX qurultayından sonra Rəssamlar İttifaqı İdarə heyətinin üzvləri, tanınmış təsviri sənət ustaları ilə görüşdə geniş nitq söyləməsi incəsənət tariximiz üçün tarixi hadisə idi. Onu da qeyd edək ki, bu, Heydər Əliyevin Moskvaya – SSRİ rəhbərliyində yüksək vəzifəyə getməzdən öncə respublikanın başçısı, Azərbaycan KP MK-nın Birinci katibi kimi Bakıda rəssamlarla sonuncu geniş görüşü idi. Onun respublikada rəssamlığın inkişafı, yaradıcılıq məsələləri ilə bağlı söylədiyi fikir və tövsiyələr sonradan yaradıcılıq təşkilatının, təsviri sənət ustalarının fəaliyyətində nə dərəcədə əksini tapdı – bu ayrı bir yazının mövzusudur. Amma birmənalı şəkildə deyə bilərik ki, 41 il əvvəl deyilənlərin əksəriyyəti bu gün aktualdır. Həmin nitqdən kiçik bir hissəni – o dövr üçün mütləq olan siyasi-ideoloji ritorikanı – çıxarsaq, o, əslində, indiyə, müasir Azərbaycan rəssamlığına da xitab edilən bir nitqdir...

Azərbaycan rəssamlarının IX qurultayı öz işini müvəffəqiyyətlə başa çatdırmışdır. Mən hər şeydən əvvəl bu hadisə münasibətilə sizi təbrik etmək, yeni yaradıcılıq müvəffəqiyyətləri arzulamaq istərdim. İttifaqınızın yaşı az deyildir, Azərbaycan rəssamlarının indiyədək doqquz qurultayı keçirilmişdir. İttifaq böyük və yekdil kollektivə çevrilmişdir...

...Belə bir cəhət razılıq hissi doğurur ki, Azərbaycan Rəssamlar İttifaqının qurultayda seçilmiş rəhbər orqanlarında respublika təsviri sənət ustalarının bütün nəsilləri təmsil edilmişdir. Burada nəsillərin tam varisliyi, yaşlı sənətkarların təcrübəsinin, orta nəslin yetkinliyinin gənclərin cəsarətli axtarışları ilə əlaqəsi göz qabağındadır...

Siz təkcə özünüz üçün deyil, həm də təsviri sənət sahəsində çalışan bütün ziyalılarımızın işi üçün, Azərbaycanda bədii yaradıcılığın gələcək inkişafı üçün cavabdehsiniz. Biz istərdik ki, siz öz vəzifələrinizin bu cəhətini tamamilə dərk edəsiniz və öz məsuliyyətinizi bütün dərinliyi ilə duyasınız. Bu, çox vacibdir...

Ötən illər ərzində rəssamlar kollektivi xeyli genişlənmiş, təsviri sənət sahəsində çalışan adamların sayı artmışdır. İndi sizin ittifaqınız böyükdür, təqribən 500 nəfəri birləşdirir...

Eyni zamanda sizin qarşınızda yeni, daha məsul vəzifələr durur. Onların haqqında danışarkən mən sizin diqqətinizi bəzi məsələlərə cəlb etmək istərdim. Azərbaycan təsviri sənətinin müvəffəqiyyətləri şəksizdir. Lakin biz bununla qətiyyən kifayətlənə bilmərik. Biz belə hesab edirik ki, respublikanın rəssamları daha böyük potensial imkanlara malikdirlər.

 

Təsviri sənət xalqın tarixinin bədii salnaməsi olmalıdır

 

Sizdən daha çox şey gözləməyə haqqımız vardır. Axı, siz təsviri sənətin müxtəlif janrlarında işləyirsiniz və xalqın tarixinin əsl salnaməçilərisiniz. Bütün xalqların, o cümlədən Azərbaycan xalqının keçmişini öyrənərkən, bu gün məhz ata-babalarımızdan bizə yadigar qalmış təsviri sənət əsərləri vasitəsilə çox şey dərk edirik. Bəlkə də çoxəsrlik yolumuzda mənəvi həyatın bu sahəsində bizə ədəbiyyatda olduğundan az şey qalmışdır. Hər halda, bizə gəlib çatan sərvət zəngindir və məhz onun vasitəsilə, indiyədək mühafizə olunmuş təsviri sənət inciləri vasitəsilə bir çox hallarda xalqımızın tarixini, öz torpağımızın tarixini öyrənirik...

Sizi xalqın, onun tarixinin salnaməçiləri adlandırarkən, mən diqqətinizi xalqımızın indiki və gələcək nəsilləri qarşısında daşıdığınız çox böyük məsuliyyətə cəlb etmək istəyirəm. Əgər hər birinizdə yaratdığınız əsərlərin tarix üçün mühafizə olunmasından ötrü, onların, həqiqətən, respublikamızın inkişafında şahidi olduğunuz və təsvir etdiyiniz dövrü, həqiqətən, əks etdirməsindən ötrü öz yaradıcılıq və mənəvi potensialınızdan, öz imkanlarınızdan mümkün qədər daha dolğun istifadə etmək arzusu olsa, siz xalq qarşısında öz borcunuzu yerinə yetirərsiniz, öz yaradıcılığınıza, həqiqətən, dövlət mövqeyindən yanaşmış olarsınız.

...Bizdə çoxlu, müxtəlif təsviri sənət əsərləri yaradılmışdır. Lakin açığını demək lazımdır ki, görkəmli, həqiqətən, yaddaqalan tablolar hələlik azdır. Bəlkə də onların çox olmasına ümid bəsləmək çətindir, lakin bu barədə düşünməyə və bunu arzulamağa haqqımız vardır. Çünki belə əsərlər yaratmaq üçün bütün imkanlarınız vardır. Əgər belə əsərlər kifayət qədər deyildirsə, deməli, siz öz qüvvələrinizdən tam istifadə etmirsiniz, qabiliyyətinizi heç də bütünlüklə yaradıcılığa sərf etmirsiniz.

...Sizin ittifaqınız isə mövzuları, rəssamın yaradıcılığının inkişaf istiqamətini müəyyən dərəcədə təyin etməlidir. Əlbəttə, sənətkar fərdiyyətini inkar etmək olmaz, lakin bununla yanaşı incəsənətin əsas vəzifələrini müəyyən etmək və rəssamlarımızı bu vəzifələrin yerinə yetirilməsinə cəlb etmək olar və lazımdır. Əgər Rəssamlar İttifaqının fəaliyyətinə məhz bu mövqelərdən yanaşılsa məlum olar ki, o öz vəzifələrini hələ heç də tam şəkildə yerinə yetirmir. Bununla əlaqədar olaraq demək lazımdır ki, idarə heyətinin hesabat məruzəsində (ittifaqın sədri Xalq rəssamı Yusif Hüseynovun məruzəsi – red.) həqiqi dərinlik, bədii prosesin inkişafının və ittifaqın fəaliyyətinin hərtərəfli təhlili yox idi. Bəzən məruzəçi keçirilən sərgiləri sadalamaqla kifayətlənirdi. Bəs sərgi nədir? Bu, sizin işinizin yekun mərhələsidir, nəticəsidir. Əgər bu işin əvvəlcədən istiqaməti, yaradıcılıq mövzuları müəyyən edilsə, sərgilərin özünə də daha sanballı nəticələrlə gəlmək olar...

Biz tematik rəsm əsəri haqqında danışarkən – indi isə rəssamların yaradıcılığı üçün mövzular olduqca çoxdur – müəyyən etmək lazımdır ki, diqqət məhz hansı mövzular ətrafında cəmləşdirilməlidir. Çünki mövzu səpələndikdə, yayğınlaşdıqda onun dərindən açılmasına nail olmaq mümkün deyildir.

...Bizim çox zəngin tariximiz tələb edir ki, o dərindən, yaradıcılıqla dərk edilsin, təsviri sənətdə öz əksini tapsın. Əlbəttə, Rəssamlar İttifaqı burada bütün məsələləri ciddi şəkildə götür-qoy etməli, rəssamların yaradıcılıq axtarışlarının istiqamətini müəyyənləşdirməli, onların fərdi xüsusiyyətlərini, qabiliyyətini, istedadını nəzərə almalı, bu çox mühüm mövzunun işlənməsinə cəlb ediləcək müəllifləri təyin etməlidir. Əgər belə bir təşəbbüs göstərilsə, müəyyən mövzularda sifarişlər vermək olardı. Siz bunu nəzərə alaraq təşkilati tədbirlər işləyib hazırlamalısınız.

Müasirlik bizim zəmanəmizdir... Onu rəssamlıq əsərlərində bütün dolğunluğu və rəngarəngliyi ilə təcəssüm etdirmək sizin borcunuzdur. Mənə elə gəlir ki, ittifaq burada da özünün gələcək işi barəsində çox ciddi düşünməli, həmin istiqamətdə təşkilati tədbirlər nəzərdə tutmalıdır. Misal üçün bizim respublikamızı, bütün sahələrdə – iqtisadiyyatda, sosial, mənəvi, mədəni həyatda, elm və təhsildə qazanılmış çox böyük nailiyyətləri götürək...

Mən yenə də obrazlı, irimiqyaslı tematik əsərlər problemi üzərinə qayıdıram. Bəzən bizim rəssamlarımız qabaqcıl əməkçinin portretini çəkir və elə hesab edirlər ki, bununla da özlərinin dövrünü əks etdirirlər. Biz başa düşürük ki, adlı-sanlı əmək adamlarının portret qalereyalarını yaratmaq olduqca vacibdir. Lakin bununla yanaşı əmək həyatının bütün pafosunu vermək, respublikamızın inkişaf prosesini bədii cəhətdən əks etdirmək daha vacibdir. İncəsənətin müxtəlif janrlarında, müxtəlif vasitələri ilə bütün bunları etmək olar və lazımdır...

Təəssüf ki, bizdə zəngin təbiətimizi, onun təkrarsız, özünəməxsus gözəlliyini vəsf edən rəsm əsərləri olduqca azdır, mənzərə rəngkarlığı zəif inkişaf edir. Bu kasadlığı nə ilə izah etməli?!... Axı, Azərbaycanın təbiəti, bizim səmanın, dağların və düzənlərin, bizim dənizin əlvan boyaları təsviri sənət ustaları üçün tükənməz ilham mənbəyidir. Bütün bunlar tablolarda əks olunmalıdır. Bizə elə gəlir ki, təbiətin bəxş etdiyi bu rənglərin və boyaların zənginliyini, əzəmətini, bütün çalarlarını rəssamlarımız indiyədək hələ duyub mənalandırmamışlar. Elə buna görə də bir çox mənzərə əsərləri sönük və cansıxıcıdır. Hərçənd sizin bəzilərinizə elə gəlir ki, əksinə, bu əsərlər ifadəlidir. Nə üçün belə olur sualına bəzən cavab verib deyirlər ki, mən belə görürəm. Əgər belədirsə onda yəqin ki, rəssam gərək öz rəsm əsərlərinin yanında dayansın və bu əsərlərə baxan tamaşaçının əsərlərinizə sizin gözlərinizlə baxa bilməsi üçün, bizi əhatə edən aləmi sizin kimi hiss etməsi üçün təbiəti necə duyduğunu ona izah etsin. Zənnimcə, bu deyilənlər kifayətdir ki, siz yaradıcılıq fəaliyyətinizin başqa janrları və istiqamətləri barəsində çox ciddi düşünəsiniz.

Xalqımızın zəngin keçmişini, onun qəhrəmanlıq tarixini təsviri sənətdə əks etdirməkdən ötrü rəssamın qarşısında geniş fəaliyyət meydanı açılır. Bizim qədim mədəniyyətimiz vardır. Lakin təəssüf ki, bəzi başqa xalqlardan fərqli olaraq bizdə professional rəngkarlıq, əslində, ancaq sovet hakimiyyətinin qələbəsindən sonra yaranmışdır. Odur ki, Azərbaycan rəssamlarının bu sahədə yaradıcılıq fəaliyyəti üçün geniş meydan vardır, tarixi mövzular olduqca çoxdur. Bu mövzular hələ heç vaxt, heç kəs tərəfindən rəngkarlıqda öz əksini tapmamışdır. Buna görə də rəngkarlar xalqımızın milli istiqlaliyyət uğrunda, mürtəce qüvvələrə qarşı, yadelli qəsbkarlara qarşı, öz sosial qurtuluşu uğrunda apardığı mübarizəni və nəhayət, xalqımızın inqilabi fəaliyyət mərhələsini fundamental, parlaq əsərlərdə bütün dolğunluğu ilə əks etdirmək üçün son dərəcə çox iş görməlidirlər. Bunlar çox zəngin materialdır, çox zəngin bünövrədir.

Siz öz yaradıcılığınızda bunlardan mümkün qədər geniş miqyasda istifadə etməlisiniz. Deyilənlərdən heç də o nəticə çıxmır ki, bizdə xalqımızın həyatının həmin mərhələlərinə həsr olunmuş rəsm əsərləri yoxdur. Lakin bu əsərlərin sayı muzeylərimizdə, rəsm qalereyalarımızda, sərgilərimizdə görmək istədiyimizdən azdır. Xalqın tarixi və mənəvi həyatı, onun keçmişi həmişə müxtəlif maddi mədəniyyət nümunələrində, o cümlədən rəngkarlıqda əks olunur. Bu gün biz rəngkarlıq irsimizin çox da zəngin olduğunu söyləyə bilmərik. Lakin indiki və gələcək nəsillər üçün bu cür sərvət yaratmaq olar. Mən sizdən xahiş edərdim ki, bu barədə də fikirləşəsiniz və işinizin müvafiq istiqamətlərini müəyyənləşdirəsiniz, həm də bu zaman nəzərə almalısınız ki, tarixi mövzular bizim üçün getdikcə daha aktual əhəmiyyət kəsb edir.

Bu çox vacibdir ki, siz öz fəaliyyətinizdə Azərbaycan çərçivəsinə qapanıb qalmayasınız. Təbiidir ki, sizin yaradıcılığınız zəngin milli tarixi irsin, dünya klassik rəngkarlığının sintezi əsasında inkişaf edir və inkişaf edəcəkdir. Lakin bu zaman siz öz yaradıcılığınızın coğrafiyasını genişləndirməli, yalnız respublika ilə bağlı mövzularla kifayətlənməməlisiniz. Siz respublikamızla əlaqədar mövzulardan kənara nə qədər çox çıxsanız, bizim təsviri sənətimiz bir o qədər rəngarəng olar...

Təsviri sənətin bütün janrları bizim üçün əhəmiyyətlidir. Lakin ənənəyə görə təsviri sənətdə rəngkarlıq üstün mövqe tutur. Biz istərdik ki, özünəməxsus milli koloritə malik Azərbaycan rəngkarlıq məktəbi eyni zamanda dünya rəngkarlığının, bizim müasir sovet rəngkarlığının nailiyyətlərinə tam uyğun şəkildə inkişaf etsin. Əlbəttə, hər bir rəssamın yaradıcılığa öz münasibəti, öz fərdi xüsusiyyəti vardır, biz bunu başa düşür və qiymətləndiririk. Hər hansı yeniliyi özünüz üçün hərtərəfli aydınlaşdırmadan ayrı-ayrı modernist cərəyanların təsiri altına düşməyi və öz yaradıcılıq dəst-xəttinizi, öz fərdi xüsusiyyətinizi şikəst etməyi sizlərə məsləhət görmürəm...

...Bir daha xatırlatmaq istərdim ki, incəsənətdə realizmə sadiq qalın, əsl həyatı daha parlaq, daha düzgün əks etdirin, hər işdə həqiqət carçısı olun. Onda sizin yaradıcılığınızda əyintilər olmaz, gerçəklik təhrif edilməz.

Daha bir məsələ haqqında. Hər bir rəsm əsəri, mən bu barədə artıq danışmışam, tamaşaçılarda özünün təkcə daxili fəlsəfəsi, məzmunu, mövzunun, qayənin dərindən açılması ilə deyil, həm də, rəng çalarları ilə, boyaların zəngin palitrası ilə sevinc, fərəh hissi doğurmalıdır. Təəssüf ki, bəzi sənətkarlarımızın əsərləri öz koloriti etibarilə darıxdırıcı, yeknəsəq və sönükdür. Təbiidir ki, mən yalnız öz şəxsi təəssüratlarımı söyləyirəm, lakin bir çox adamlar, təsviri sənət pərəstişkarları bu təəssüratlara şərikdir.

 

Miniatür rəssamlığını inkişaf etdirməklə dünyada daha çox tanına bilərik

 

Biz miniatür rəngkarlığın, çoxəsrlik zəngin ənənələri olan Azərbaycan miniatür sənətinin inkişafından dəfələrlə danışmışıq. Bir neçə il əvvəl mən bu barədə öz fikrimi söyləmiş, Tahir Salahova demişdim ki, biz bu məktəbi inkişaf etdirməliyik, həm də müasir zəmində inkişaf etdirməliyik. Bu yaxınlarda mən müasir miniatür rəngkarlığına aid bir neçə əsərə baxdım. Lakin bunlar, əslində, Orta əsr miniatürlərinin rəngkarlıq vasitələri ilə çıxarılan surəti idi. Madam ki, belədir, onda bu, miniatür sənətinin inkişafı deyildir, onun sadəcə surətidir. Məlumdur ki, Orta əsr Azərbaycan miniatür sənətinin məkan perspektivi yox idi, bu sənət ənginlik təsəvvürü deyil, müstəvi təsəvvürü yaradırdı. Əgər rəssamlar bu gün də hər işdə keçmiş sənətkarların texnikasına riayət etsələr bu, tamaşaçılar tərəfindən çətin ki, təqdir olunsun. Deməli, bu məktəbi əsas götürmək, onu yaradıcılıq mənasında inkişaf etdirmək, zənginləşdirmək, insanın bugünkü qavrayışını, rəngkarlığı necə duyduğunu, məkan perspektivini nəzərə almaqla keçmiş ilə bu günün üzvi sintezini yaratmaq lazımdır. Belə olarsa, bizdə əsl müasir miniatür məktəbi yaranar və siz bəlkə də öz yaradıcılığınızda hələ 500 il bundan əvvəl məşhur miniatür ustası Sultan Məhəmmədin çatdığı səviyyəni ötüb keçərsiniz. Hələlik isə bizdə miniatür sənətinin dirçəldilməsi ətrafında yalnız söhbət gedir və biz istənilən nəticəyə nail olmamışıq.

Zənnimizcə, rəssamlarımız, sizin yaradıcılıq ittifaqı, nəhayət, bizim rəngkarlıq sənətində belə xüsusi istiqamət yaratsaydılar, faydalı olardı. Bu, respublika üçün, Azərbaycan xalqının incəsənəti üçün fərqləndirici cəhət, milli xüsusiyyət olardı, həm ölkəmizdə, həm də xaricdə diqqəti özünə cəlb edərdi.

 

Klassik ədəbiyyata illüstrasiyalar haqqında

 

İllüstrasiya sahəsində, Nizaminin, Xaqaninin, Füzulinin, Nəsiminin, Vaqifin və Azərbaycan poeziyasının başqa klassiklərinin yaradıcılığının motivləri əsasında rəsm əsərləri yaratmaq sahəsində iş rəssamlar üçün mühüm fəaliyyət meydanıdır. Bir dəfə mən Nizami muzeyində dünya ədəbiyyatı korifeyinin əsərləri mövzusunda illüstrasiyalar çəkilmiş bir neçə xalça gördüm. Hələ müharibədən əvvəl toxunmuş süjetli xalçalar güclü təsir bağışlayır. Halbuki, o vaxtdan qırx ildən çox bir müddət keçmişdir. Biz hazırda bu istiqamətdə təkcə xalçaçılıq vasitəsilə deyil, həm də rəngkarlıq, qrafika və s. vasitəsilə daha yaxşı və daha çox iş görə bilərik.

İllüstrasiya haqqında dediklərim geniş mənada başa düşülməlidir. Çox vaxt rəssamlar yalnız kitablara illüstrasiya çəkirlər, özü də bu illüstrasiyalar heç də həmişə yüksək keyfiyyətdə olmur. Lakin biz klassik poeziya əsərlərinə təkcə kitab qrafikası janrında deyil, təsviri sənətin başqa janrlarında da illüstrasiya çəkilməsini nəzərdə tuturuq. Bu iş geniş miqyasda, məhəbbətlə görülməlidir, poeziya incilərindəki fikirlərin və hisslərin bütün zənginliyini kətan üzərində, kitab səhifəsində, qrafika əsərində ifadə etməyə çalışmaq lazımdır. Təbiəti, məhəbbəti, dostluğu, gözəlliyi, xalqın ən yaxşı insani sifətlərini tərənnüm edən süjetlərə xüsusi diqqət yetirilməlidir. Bu, parlaq nümunələri insana tükənməz məhəbbət hissilə, həqiqətin, ədalətin təntənəsi, xeyirin şər üzərində qələbəsi ilə aşılanmış qədim ədəbiyyatımıza xas olan əsl nikbin sənətin yaranmasına kömək edər. Elə Nizaminin əsərlərini götürək. Axı, həmin əsərlər coşqun ehtirasların və hisslərin bütöv bir dünyasıdır, müdriklik xəzinəsidir. Onun ölməz poemalarının süjetləri əsasında neçə-neçə ən rəngarəng tablolar yaratmaq olar. Təəssüf ki, bizdə belə rəsm əsərləri hələ azdır. Bu səpkidə yaradılmış bəzi əsərlər isə böyük təsir bağışlamır.

Xalqımızın tarixini, onun keçmişinin səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla Azərbaycan təsviri sənət məktəbi özünü bu cəhətdən hələ göstərməlidir. Miniatür rəngkarlığı da bu sahədə çox iş görə bilərdi. Lakin bayaq qeyd etdiyimiz kimi, yalnız müasirlik zəminində. Bununla əlaqədar olaraq bizim tətbiqi sənətimiz, xüsusən xalçaçılıq sənəti daha da inkişaf etdirilməlidir. Xalqın dühası ilə yaranmış qədim əfsanələrin, həm də bizim böyük mütəfəkkirlərimizin, keçmiş şairlərin əsərlərinin motivləri və müasir həyat əsasında tematik xalçalar yaradılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan xalçaçılıq sənətinin yüksək bədii səviyyədə və sənətkarlıqla yaradılmış bu nümunələri əsl sənət əsərlərinə çevrilirlər.

 

Muzey ekspozisiyalarını təsviri sənətlə zənginləşdirmək

 

Biz respublikanın bütün rayonlarında diyarşünaslıq muzeyləri yaratmağı qərara almışıq. Bu muzeylərin ekspozisiyaları sizin köməyinizlə zənginləşməlidir. Gələcəkdə hər bir rayonda rəsm qalereyası, sərgi salonu açmaq planlaşdırılır. Rəssamlarımız, sizin yaradıcılıq ittifaqı bu işi indidən həyata keçirməlidirlər. Biz haqlı olaraq belə hesab edirik ki, təsviri sənət insanın estetik, mənəvi tərbiyəsi üçün ən mühüm vasitədir. Deməli, belə mühüm işdə Bakıda yeganə təsviri sənət muzeyinə, yeri gəlmişkən deyim ki, çox vaxt qapıları bağlı olan yeganə böyük rəsm qalereyasına malik olmaq kifayət deyildir. Bu sahədə imkanlarımızın coğrafiyasını genişləndirməliyik, biz bu istiqamətdə böyük iş görməliyik.

Bir neçə kəlmə də heykəltəraşlıq haqqında. Bizim həyatımız heykəltəraşlar qarşısında çox böyük fəaliyyət meydanı açır. Paytaxtımız Bakı üçün onların yaratdıqlarını biz çox yüksək qiymətləndiririk. Lakin hələ çox iş görülməlidir. Biz hər bir şəhərdə, hər bir kənddə, hər bir yaşayış məntəqəsində Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki rəşadətli hünərini əbədiləşdirən abidə ucaltmaq vəzifəsini qarşıya qoymuşuq. Bu cəhətdən hələlik geri qalırıq. Doğrudur, 70-ci illərdə az iş görülməmişdir. Lakin şəhərlərin, kəndlərin, qəsəbələrin heç də hamısında belə abidələr yoxdur. Belə abidələrin yaradılmasına yüksək məsuliyyət hissilə yanaşmaq, yadda saxlamaq lazımdır ki, bu yolla biz xalqın öz qəhrəmanlarına əbədi ehtiramını ifadə edir və eyni zamanda həmin abidələr vasitəsilə bizim Azərbaycan heykəltəraşlığının malik olduğu imkanların geniş diapazonunu nümayiş etdiririk.

Biz bu qənaətə gəlmişik ki, hər bir rayonda və şəhərdə rayon, şəhər rəssamı vəzifəsi təsis edək, iri müəssisələrdə belə mütəxəssislərimiz olsun, yəni biz professional, yüksək səviyyədə bədii təsviri sənətin imkanlarından istifadə etməli və bu imkanları həyatımızın bütün sahələrinə tətbiq etməliyik...

 

Rəssamlıq sahəsində peşə hazırlığı barədə

 

Biz rəssamlıq istedadı olan adamların peşə hazırlığını genişləndirməliyik. İncəsənət İnstitutunda xüsusi fakültə açmışıq. Bu fakültəyə hər il 75 adam qəbul edilir. Bir müddətdən sonra bünövrə möhkəmləndikdə biz onların sayını artıra bilərik və gələcəkdə xüsusi təsviri sənət akademiyası və ya institutu yaradarıq. Bizdə təsviri sənət xadimlərinin öz qüvvələrini, istedadını, yaradıcılıq imkanlarını tətbiq etmələri üçün fəaliyyət meydanı genişdir. Təkcə o lazımdır ki, Rəssamlar İttifaqı bütün imkanlardan daha dolğun istifadə etsin və güzəşt bilməyən yaradıcılığınız, onun yüksək keyfiyyəti sizin üçün başlıca cəhət olsun və siz çox vaxt sənətdən uzaq olan hər hansı başqa mülahizələri deyil, gərək məhz bunları rəhbər tutasınız.

Təsviri sənət əsərlərinin keyfiyyəti haqqında bir neçə kəlmə danışmaq istərdim. Biz Bakıda, respublikanın başqa şəhərlərində və rayonlarında bədii səviyyəsi çox-çox aşağı olan rəsm əsərlərinə tez-tez təsadüf edirik. Bu barədə mülahizələrimizi dəfələrlə Rəssamlar İttifaqına bildirmişik, lakin nə ittifaq, nə də onun katibliyi həmin istiqamətdə lazımi iş aparmırlar və hələlik bir çox rəsm əsərlərimiz yenə də aşağı keyfiyyətdədir. Buna görə də biz kəmiyyətdən danışarkən hökmən keyfiyyət də tələb edirik...

Sənətkarın bir çox ünsürlərdən ibarət olan mənəvi potensialı mühüm məsələdir. Əlbəttə, onun yaradıcılıq qabiliyyəti, sənətkarlığı başlıca cəhətdir. Lakin bununla yanaşı, mənəvi potensialı insanın dünyagörüşü, ümumi erudisiyası, mədəniyyəti, əxlaqi keyfiyyətləri müəyyən edir. Belə bir sənətkar tarixdə qala biləcək əsərlər yaratmağa qadirdir.

Sizin vəzifəniz bu keyfiyyətləri özünüzdə tərbiyə etməkdən, öz qarşınızda bu tələbləri qoymaqdan və Rəssamlar İttifaqının rəhbər özəyini təşkil etdiyinizə görə bu keyfiyyətləri hər bir rəssamda tərbiyə etməkdən ibarətdir.

Sizin səmərəli işləyə bilməyiniz, bu gün haqqında danışdığımız, arzuladığımız vəzifələri yerinə yetirə bilməyiniz üçün sizə müvafiq şərait yaradılır və yaradılacaqdır. Sizdən isə biz daha yaxşı, daha keyfiyyətli fəaliyyət göstərməyi gözləyirik...