Əksər sənət adamları kimi onun da ömrü acılı-şirinli xatirələr, unudulmaz anlarla zəngindir. Xasiyyət etibarilə sadə və kövrək olduğundan az qala hər sözündə əhvalının necə dəyişdiyini, necə bir ovqata kökləndiyini duymaq olar.

Xalq artisti, bənzərsiz ifaların müəllifi və yaradıcılığının bütün mərhələlərində tamaşaçı auditoriyasının maraqla izlədiyi Niyaməddin Musayevlə bu dəfə onun sənət və həyat yolunda silinməz izlər qoyan Ulu öndər Heydər Əliyevi xatırladıq.

Söhbətin mövzusunu biləndə səsində bir titrəyiş, hüznlü bir heyhat hiss edilir: “O, əsl el atası, millət hamisi, xalq xilaskarı idi. Allah onu belə yaratmışdı: çox sevdiyi xalqına sonsuz məhəbbətlə bağlı olmaq...”.

Sənətkar ötən əsrin 90-cı illərin ağır dönəminə nəzər salır: “Nə qədər çətinliklər vardı. Hər tərəfdən düşmənlər baş qaldırmışdı. Heydər Əliyev bunların hamısını görür, bilir və səbirlə, özü də əminliklə mübarizə aparırdı. Hər zaman da xalqına güvənirdi. Xalq da ona inanırdı. Şükür, o, xalqına arxalanaraq bütün çətinlikləri dəf elədi”.

Onun həyatında Heydər Əliyevin əlahiddə yeri var. Deyir, Heydər Əliyev sayəsində bir sənət insanı olaraq öz dəyərimi aldım. Bu, onun böyük şəxsiyyət və sənətsevərliyinin bariz nümunəsi idi...

Sonra illər öncəyə qayıdır: “Sənət adamlarının təltif olunması ilə bağlı siyahılarda hər dəfə Niyaməddin unudulurdu. Özü də bu elə-belə unudulmaq deyildi. Ən sevilən, tez-tez anşlaqlarla konsertlər verən, mahnıları dillər əzbəri olan müğənni yada düşmədi. Buna zamanla alışdım. Sözsüz ki, məyus oldum, amma heç vaxt ruhdan düşmədim. Sənətimi, insanları, sənətə dəyər verən xalqımı çox sevirdim. Müğənnilər ildə 1-2 dəfə konsert verirdisə, mənim hər aya 2-3 konsertim olurdu. Zallar da dopdolu...

Beləcə, illər keçdi və böyük insan xalqının səsinə səs verərək hakimiyyətə gəldi, dövlətimizi və bütün çətinliklər içində həm də mədəniyyətimizi, mənəvi xəzinəmizi qorudu, diqqət-qayğısını əsirgəmədi. Beləcə, mən də Ümummilli lider Heydər Əliyevin sənətə, sənətkara diqqət və qayğısından pay aldım”.

Söhbət geniş tamaşaçı auditoriyasına yaxşı tanış olan o kadrlara – Heydər Əliyevin müğənniyə şöhrət gətirən “Dünya sənin, dünya mənim” mahnısı haqqında dediklərinə gələndə müğənninin gözlərindəki işıq bir az da parıldadı: “Bu gün kimi yadımdadır o anlar. 1995-ci il – böyük Məmməd Arazın yaradıcılıq gecəsi idi. Əslində, ondan əvvəl də mənim Ulu öndərlə görüşüm olmuşdu. Hələ 1991-ci ildə Naxçıvanda. Böyük insanla iki saata yaxın söhbət eləmişdik. O, mənim bütün yaradıcılığıma yaxşı bələd idi. Səmimi və çox qürurlu xatirələrdir hamısı...

Bildiyiniz kimi, o, Moskvadan qayıdandan sonra Naxçıvana getmişdi. O vaxtlar ölkədə vəziyyət qarışıq idi. Elə bu məqamda illərdir çalışdığım “Azkonsert”dən Naxçıvana səfərlə bağlı xəbər gəldi. Bilirdim, naxçıvanlılar da məni çox sevir. Sevincək razılıq verdim. Getdik. Oraya gedən kimi Heydər Əliyevlə görüşmək istəyimi bildirdim və əlaqələndirəcək şəxsləri axtardım. “Konsertlərini ver, zaman tapan kimi səni dinləməyə gələcək”, – dedilər. Naxçıvanda konsertlərimin ikinci günü idi ki, Heydər Əliyevin gəldiyini dedilər. Şux qaməti ilə dolu zala daxil oldu. Bütün zal onu ayaq üstə alqışladı. Sevincdən ürəyim köksümə sığmırdı. Həyəcanla konserti  başladım. Bir-iki mahnıdan sonra mənə bir gül çələngi gətirdilər. Fürsətdən istifadə edib çələngi də götürüb ayağım bir-birinə dolaşa-dolaşa səhnədən endim, ona yaxınlaşıb təqdim elədim. İlk dəfə idi onu belə yaxından görürdüm... O konsert həyatımda böyük dəyişiklik etdi. Mənə “Naxçıvan Muxtar Respublikasının “Əməkdar artisti” adını təqdim elədilər.

Konsert yüksək əhval ilə bitdi. Ansamblın üzvləri ilə yığışırdıq ki, “Heydər Əliyev yuxarıda sizi gözləyir, qalxın”, – dedilər. Geyim-kecimimizi dəyişib qalxdıq. Bizi mehribanlıqla qarşıladı, xoş sözlər dedi. Uzun söhbətdə o, hər şeydən danışdı. “Hər buradan keçəndə sənin konsertlərinin afişasını görürdüm. Mənə çox xoş olurdu. Mahnılarına da qulaq asmışam. “Röya” ansamblını yaxşı formalaşdırmısan, repertuarın da təkmilləşib, rəngarəng olub, daha yaxşıdır”, – dedi. Bu unudulmaz görüşün təəssüratında bir neçə  gün də Naxçıvanda qaldım və ümumilikdə 15 konsert verdim.

Onunla növbəti görüşüm xalqın tələbi ilə hakimiyyətə gəlməyindən sonraya təsadüf etdi. Prezident seçkilərindən sonra tarixi gün yetişdi, andiçməsi oldu, ardınca da böyük konsert proqramı. Konsertdə mən də çıxış etdim, orada görüşdük. Sonra siz deyən o hadisə – Məmməd Arazın yaradıcılıq gecəsi oldu. Mən böyük şairin şeirinə yazdığım mahnımı oxudum. O, xeyli kövrəldi, elə zaldakılar da... Konsert bitdi, mən də uşaqlarla birgə aparaturanı yığışdırmağa başladım. Əlimdə də xeyli  kabel, mikrofon.

Bu dəm oranın işçilərindən biri həyəcanla “Niyaməddin, qoy əlindəkiləri yerə, Heydər Əliyev səni çağırır”, – dedi. Əksər ziyalılar, şairlər, yazıçılar, sənətkarlar o böyük insanın başına toplaşmışdılar. O, mənim haqqımda xeyli xoş sözlər dedi. Hamınız baxmısınız, təkrar etmək istəmirəm. Sonda fəxri adlar bərpa olunduqda ilk siyahıda mənim də olacağımı dedi və ruhu şad olsun, dediyini də elədi. Beləcə, mən birbaşa Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görüldüm. Xoşbəxtəm ki, 1998-ci ildə onun imzası ilə fəxri ad aldım, 2002-ci ildə isə Prezident təqaüdünə layiq görüldüm. O böyük insanın iştirak etdiyi bir çox dövlət tədbirlərində çıxış edirdim, görüşürdüm, xoş sözlərini eşidib xoşbəxt olurdum.

Bəzən başqalarının da onunla təmasda olmaq istəyini nəzərə alıb kənara çəkilərdim. O  da hər məni görməyəndə xəbər alar və mütləq yanına çağırardı. İnanın, bundan böyük fərəh hissim olmayıb. Elə bir dahi şəxsiyyətin mənim ifalarımı dinləməsi, haqqımda xoş sözlər deməsi böyük qürurdur. O təkcə mənə yox, əksər sənət adamlarına, sənətə bağlı idi”...

Heydər Əliyevin mədəniyyətin bütün sahələrində dərin bilik və zövqə malik olduğunu, musiqiyə heyranlığını yada salan müğənni ona həsr etdiyi nəğmələrindən də danışdı: “Ona olan sonsuz sevgi və ehtiramımı 1995-ci ildə yazdığım “El atası” mahnısında ifadə etməyə çalışdım. Heydər Əliyevə həsr olunmuş ilk mahnının müəllifi olmaq məni çox qürurlandırır. Bu mahnı xeyli sevildi. Ardınca  “Qurtuluş”, “Ata” mahnılarını yazdım... Bütün bunlar ona olan sevgimin yalnız bir parçasıdır.

Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır. Onun haqqında nə qədər danışsan, yenə azdır. Biz qürur duymalıyıq ki, Azərbaycanın belə bir şəxsiyyəti olub”.

Həmidə