Milli Xalça Muzeyində Ulu öndərin 100 illiyinə həsr olunmuş sərgi açılıb

 

Azərbaycan Milli Xalça Muzeyində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarixin salnaməsi” adlı sərgi açılıb. Mayın 5-də gerçəkləşən tədbirdə yeni toxunmuş eyniadlı xalçanın və “Milli sərvətimiz” sənədli filminin təqdimatı olub.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova xalça haqqında məlumat verib. Bildirib ki, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan “Tarixin salnaməsi” xalçasının leytmotivi Ulu öndər Heydər Əliyevin məşhur “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamıdır. Xalçada dahi şəxsiyyətin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, xalqımızın milli irsinə, xüsusilə də xalça sənətinə böyük diqqət və qayğısı simvolik dildə öz əksini tapıb. Bu unikal sənət nümunəsinin əsas elementi olan ağac isə soy-kökümüzün rəmzi kimi təqdim olunur.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Ulu öndərin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb, mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayıb: “Bu gün təməlini Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil respublikamız öz tarixinin ən önəmli və qürurlu dövrlərini yaşayır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın və regionun sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin həqiqi himayədarı idi. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun qayğı və himayəsindən kənarda qalsın. Xalça Muzeyi də yarandığı ilk illərdən başlayaraq onun diqqəti ilə əhatə olunub. Bu diqqət sayəsində muzeyin kolleksiyası nadir sənət əsərləri, qədim sənətkarlıq nümunələri ilə zənginləşib”.

Murad Hüseynov 5 may tarixinin ölkəmizdə “Xalçaçı günü” kimi qeyd olunduğuna diqqət çəkərək bu qiymətli sənəti müasir dövrdə də yaşadan bütün xalçaçıları əlamətdar gün münasibətilə təbrik edib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev ölkəmizin təşkilatla münasibətlərindən danışıb, sərgi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində, xalça sənəti də daxil olmaqla,  bir sıra mədəni irs nümunələrimiz UNESCO-nun müxtəlif siyahılarına salınıb. Eyni zamanda xalça sənətinin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. 

Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç belə bir sərginin təşkilindən məmnunluğunu ifadə edib, düşüncələrini bölüşüb.

Sonra Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı film nümayiş olunub. Sənədli filmdə dahi rəhbərin mədəniyyətin, incəsənətin, eləcə də Azərbaycan xalça sənətinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən kino və fotoxronika materiallardan istifadə olunub. Burada Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda keçirilmiş Şərq xalça sənəti üzrə 1-ci Beynəlxalq simpoziumdan görüntülər də yer alıb.

Milli Xalça Muzeyi tərəfindən hazırlanmış sənədli filmin ideya müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, Əməkdar rəssam Tariyel Bəşirovun eskizi əsasında muzeyin toxucuları tərəfindən ərsəyə gətirilən “Tarixin salnaməsi” xalçasının (ideya müəllifi Ş.Məlikova) toxunmasında 100 rəng çalarında yun və ipək iplərdən istifadə olunub. Xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentlər tarixi-mədəni zənginliklərimin əks olunduğu videoproyeksiya ilə nümayiş olunur.

Lalə Azəri