Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Tuğda üç istiqamətdə – mədəni turizm, ekoturizm və aqroturizm layihələrin həyata keçirilməsini planlaşdırır.

Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək.

Prezident və birinci xanımın iştirakı ilə Tuğ kəndində inzibati mərkəzin və ilk yaşayış məhəlləsinin təməli qoyulub. Məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur. Bir sıra binaların – inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, qəsəbədə salınacaq ilk yaşayış məhəlləsinin, həmçinin inzibati mərkəzin təməlinin qoyulması mərasimlərində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. Qeyd olunub ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.

Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.

***

Prezident İlham Əliyev mayın 5-də Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında da iştirak edib. Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.