Mayın 5-də Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib. Ümumi uzunluğu 12,3 kilometr olan yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Kəndin layihələndirilən ümumi ərazisi 178 hektardır. Ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi, eləcə də zəruri sosial infrastrukturun yaradılması nəzərdə tutulur. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində də iştirak edib. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Birinci mərhələdə Dədəli kəndində 327 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri fəaliyyət göstərəcək. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar. Ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

***

Dövlət başçısı və birinci xanım Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə məlumat verilib.

Prezident və birinci xanım Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə də tanış olublar. Ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır.

***

Prezident səfər zamanı “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak edib, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.