Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo“ ləqəbli Mehdi Hüseynzadənin (1918-1944) anadan olmasının 105 illiyi Sloveniyanın Nova Qoritsa regionunda təntənəli şəkildə qeyd edilib.

Mərasimlərə Sloveniyanın dövlət rəsmiləri, yerli sakinlər, müharibə veteranları, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatları Rafael Hüseynov, Ağalar Vəliyev qatılıblar.

Əvvəlcə Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində anım mərasimi keçirilib. Azərbaycanın və Sloveniyanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Mixaylonun xatirəsini əziz tutduğuna görə Sloveniya dövlətinə və xalqına Azərbaycan hökuməti və xalqı adından təşəkkür ifadə ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2007-ci ildə əfsanəvi kəşfiyyatçının bu kənddə abidəsinin, daha sonra isə xatirə muzeyinin yaradıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 2011-ci ildə Azərbaycan və Sloveniya prezidentləri İlham Əliyev və Danilo Türkün iştirakı ilə memorial muzeyin açılması Mixaylonun iki ölkə arasında dostluğun rəmzi olduğunu nümayiş etdirib.

Tədbir mədəni proqramla davam edib. Yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnı və şeirlər, musiqi parçaları səsləndiriblər.

Sonra iştirakçılar Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olublar.

Nümayəndə heyəti, həmçinin Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun ömrünün son dəqiqələrini keçirdiyi ərazidə yerləşən xatirə lövhəsi önünə əklil qoyublar.

İştirakçılar həmçinin Trnovo Memorial Parkını ziyarət edərək burada İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış memorial lövhənin önünə əklillər qoyublar. Sonda Çepovan məzarlığında Mehdi Hüseynzadənin məzarı ziyarət olunub.