Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festival Bakı və Şuşa şəhərlərində təşkil olunacaq. Azərbaycanı festivalda aprelin 24-27-də keçirilən Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa kateqoriyası üzrə birinci yerin mükafatçıları Mirəli Sarızadə və Vaqif Təhməzov təmsil edəcəklər.

Festivalın açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olacaq. İyunun 25-dək davam edəcək festival çərçivəsində Bakının mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşada müxtəlif tədbirlər – müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil ediləcək. Festivalın sonuncu günündə 24 saat bir-birini əvəz edən ifaçıların iştirakı ilə canlı muğam marafonu olacaq.

“Muğam aləmi” festivalında qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. İyunun 25-də mükafatlandırma mərasimi və qala-konsert keçiriləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən beynəlxalq muğam festivalları təşkil olunur.