Xəbər verdiyimiz kimi, 3-5 may tarixlərində Bakıda “Moskva Günləri” adlı silsilə mədəniyyət tədbirləri keçirilib.

“Moskva Günləri” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rusiyanın Əməkdar artisti, “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxanla yaradıcılıq görüşü keçirilib.

Görüşdə universitetin professor-müəllim heyəti, Teatr sənəti və audiovizual sənətlər fakültəsinin tələbələri iştirak ediblər.

Görüşə görə minnətdarlığını bildirən qonaq aktyorluq sənəti, teatr və kino yaradıcılığı, pyes yazmaq və onu səhnələşdirmək haqqında danışıb, öz təcrübələrini bölüşüb. Dmitri Astraxan həmçinin gələcəkdə bu sənəti peşəkar səviyyədə davam etdirəcək tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.