Mayın 9-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “Türk dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Şuşa bu missiyanı ötən ilin dekabrında Türkiyənin Bursa şəhərindən qəbul edib.

Üç gün (9-11 may) sürəcək “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan (o cümlədən bu ölkənin Qaraqalpaqıstan Muxtar Respublikası), Macarıstan, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.

Mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”  tədbirlərinin rəsmi açılışı olacaq.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ilk günü isə səhər saatlarında iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

Dövlət rəsmilərinin, tanınmış mədəniyyət, incəsənət və elm xadimlərinin qatıldıqları təqdimat hər kəsdə xoş təəssürat yaradıb.

Sonra Xan qızı Natəvanın evinin həyətində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub.

Tamaşa Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.

Eləcə də Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün Ev-Muzeyi və digər məkanlarda konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

Festivalın baş səhnəsi isə ənənəvi olaraq Cıdır düzündə qurulub.

Mayın 9-da günün ikinci yarısında burada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış konserti olub. Azərbaycanın, eləcə də festivalda iştirak edən Türk dünyası musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb. Sonda Türk dünyasının sənətçiləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.