Şuşada açılış və təməlqoyma mərasimləri keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələri İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov məlumat verib ki, mərkəzdə müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb. Burada həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Atatürk küçəsində aparılacaq bərpa-yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, küçənin uzunluğu 714 metr, eni 11 metrdir.

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub. Prezidentə əvvəlcə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək dörd mərtəbədən ibarət yaşayış binasında yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyri-yaşayış binası isə A və B korpuslarından, həmçinin ofis binasından ibarət olacaq. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Dövlətimizin başçısı tərəfindən rəmzi olaraq “Qarabağ” adı verilən küçə Şuşanın mərkəzini əhatə edir. Yuxarı Gövhər ağa məscidi, “Qarabağ” hoteli, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyinin binası bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır.

Prezident daha sonra Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.

Bildirilib ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metrdir, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10-13 metr təşkil edəcək.

Dövlət başçısı Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin (1833-1918)  Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub. Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin oktyabr ayından etibarən malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.

Kompleksə daxil olan evin və məscidin binalarının damörtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “güldəstə”si restavrasiya olunub. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.

Malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.

Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə, o cümlədən Şuşada Heydər Əliyev Fondu tərəfindən bir sıra layihələr həyata keçirilir və onların bir qismi başa çatıb. Bu sıraya Şuşada Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Vaqifin büstünün yenidən qurulması, Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldılması və digər layihələr daxildir.