Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyində “Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində əvəzedilməz rolu” mövzusunda təbdir keçirilib. Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ölkəmizin Çindəki səfirliyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Çində təhsil alan azərbaycanlı tələbələr və məzun olmuş insanların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu öndərimizin büstünün önünə çələng qoyulub, dahi siyasətçiyə həsr edilmiş fotosərgiyə baxış olub.

Tədbirdə çıxış edən səfir Əkrəm Zeynallı Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən danışıb, Ümummilli liderin müasir və güclü Azərbaycanın memarı olduğunu vurğulayıb.

Müasir Azərbaycan-Çin əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edən diplomat əsası Ümummilli liderin 1994-cü ildə Çinə tarixi səfəri ilə qoyulmuş bu əlaqələrin hazırda Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində uğurla inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb.

Tədbirə videoformatda qoşulan Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov və ASAP-nin baş katibi Güldanə Dadaşova, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin çıxışları dinlənilib.

Sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.