“Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”

 

Əminəm ki, bizim yaşda olan insanların bir çoxunun Ulu öndər Heydər Əliyev haqqında deməyə sözü var. Kitablardan oxuduqları yox, məhz xatirələri. O insanlardan biri də mənəm. İndiki nəsil Heydər Əliyevi kitablardan, videoyazılardan tanıyır. Ancaq mən onunla şəxsən ünsiyyətdə olmuşam. Ulu öndərlə düz iki dəfə görüşməyin xoşbəxtliyini yaşamışam. Bəli, mübaliğəsiz, məhz xoşbəxtlik yaşamışam.

1993-cü il. 11-ci sinfi bitirməyimə sayılı günlər qalır. Məktəbimizin direktoru Ələkbər Quliyev şeir yazdığımı bilirdi. Bir gün məni yanına çağırıb dedi:

– Qarşıdan Heydər Əliyevin 70 illik yubileyi gəlir. Yaxşı bir şeir yaza bilərsənmi?

Gənc və çılğın vaxtlarım idi: – “Mən sifarişlə şeir yazmıram”, – dedim.

Ələkbər müəllim, tutuldu. Doğrusu, mən də tutuldum. Məktəbin fəal şagirdlərindən biri olmağımla yanaşı, həm də ən nadinclərdən idim. Verdiyim yersiz reaksiyanın fərqinə varıb vəziyyəti düzəltmək üçün gülə-gülə tez dilləndim:

– Ələkbər müəllim, mən Heydər Əliyevə şeir həsr etmişəm.

Gözləri güldü:

– Hazırlaş, yaxın günlərdə Ali Məclisə gedəcəyik.

Sevincimin həddi-hüdudu yox idi. Sonralar mən bu unudulmaz görüş üçün Ələkbər müəllimə həmişə rəhmət oxuyacaqdım. Evə gələr-gəlməz səliqəli xətlə dəftərimdən şeiri ağ vərəqə köçürdüm. Heydər Əliyevə hədiyyə etməyi düşünürdüm.

18 yaşım tamam olmadığına görə pasport almamışdım. Rəsmi ad və soyadım hələlik Səbinə Əliyeva idi. Şeirin altında imzamı qoyduqdan sonra mötərizədə təxəllüsümü –“Əlincəli” yazdım.

Günlərimi sayırdım. Nəhayət, həmin gün gəldi. 8 may 1993-cü il. Şuşanın işğalının birinci ildönümü idi. Qonşumuz Qadir həkimin yoldaşı Yaqut xaladan icazə alıb həyətlərindən bir dəstə zanbaq çiçəyi topladım...

İlk cərgədə əyləşdirdilər. Çiçəkləri bərk-bərk qucaqlamışdım. Və böyük şəxsiyyət içəri daxil oldu. Onu şəxsən görmüş, onunla ünsiyyətdə olmuş insanlar birmənalı olaraq ondan gələn enerjini etiraf edirlər. Onun yanında sözlə izah edə bilmədiyim enerjinin dalğasını hiss edirdim. Çünki aramızdakı məsafə yaxın idi. Gözlərinin rəngi, iti baxışı adamı ovsunlayırdı. Diqqətlə mənə, qucağımdakı güllərə baxırdı...

Çıxışlar başladı. Qeydlər aparırdı. Arada başını qaldırıb zala baxırdı. Bir nəfər ayağa qalxdı. Kim olduğunu xatırlamıram. Şeir qiraət etdi. Belə bir misra var idi: “Şərqin qoca şiri Naxçıvandadır”. Şeir bitdikdən sonra Heydər Əliyev üzünü zala tutub gülə-gülə “Şir hələ qocalmayıb haaa!” – dedi. Sonunu elə intonasiya ilə uzatdı ki. O vurğuda hər şey var idi: inam, əminlik, güc. Mən onda həyatımın ilk dərsini aldım. Yumor hissinin zəka sahiblərinin ən iti silahlarından biri olduğunu anladım. Heydər Əliyevin sərrast, insanın içindən keçən çox güclü zarafatlarının gələcəkdə bütün xalqımız kimi mən də hələ çox şahidi olacaqdım. Olduqca zabitəli görünüşünü zarafatları ilə yumşaldaraq bir anda  səmimi ortam yaradan canlı əfsanə idi Heydər Əliyev. 

Növbə mənə çatdı. Qalxıb şeirimi oxudum:

Xalq sənə inanır, inamı doğrult,
Yurdumun düşməni qoy olsun süqut.
Gücünü qələbə etdirsin sübut,
Xalqımın qeyrətli övladı Heydər!

Çıxart sən xalqını azad, ağ günə.
Düşməsin Naxçıvan Şuşa gününə.
Dağlar çəkilməsin xalqın köksünə,
Xalqımın qeyrətli övladı Heydər!

Kürsüdən aralanıb çiçəkləri Heydər Əliyevə təqdim etdim, 70 yaşı münasibətilə təbriklərimi çatdırdım. Şeirimi yazdığım vərəqi uzatdım. Alnımdan öpdü, qucaqladı. Gözlərimin bərabərinə əyildi. O baxışlarda olan qətiyyəti hələ də unuda bilmirəm: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”.

“Düşməsin Naxçıvan Şuşa gününə” misrası Şuşanın işğalı ilə barışmayan yeniyetmə qızın fəryadı idi. O, bu fəryadın ağrısını bütün vücudunda hiss etmişdi. Həzm edə bilmirdim torpaqlarımızın işğalını. İnandığım bir həqiqət var idi: hamı onun ətrafında sıx birləşməli, çəkici bir yerə vurmalı idi.

Heydər Əliyev mənim üçün xalqın önündə gedən, onu düz yola yönəldən rəhbər idi. Bu dünyada ağıllı, dərrakəli insan çoxdur. Amma hər ağıllı insan lider deyil. Heydər Əliyev lider idi. Mən bunu o vaxt gözəl dərk edirdim. Mənim gözümdə Heydər Əliyev zəkanın və gücün birləşməsi idi. Həmin görüşdə onun yanında özümü o qədər güvəndə hiss etdim ki, içimdəki  qorxu, vahimə bir anda çəkildi. O rahatlıq hissini verdiyi üçün, bizi – millətimizi, vətənimizi qoruyacağına inandığım üçün mən onu sevdim.

...Alqış səsi zalı bürüdü. Sonrası xoşbəxtlik... Məktəbdə məşhurlaşmışdım.

Ulu öndərlə ikinci dəfə görüşmək mənə 1999-cu ildə qismət oldu. Naxçıvan Dövlət Universitetinin II kursunda oxuyurdum. Oktyabr ayı idi. Universitetin rektoru, müəllimim İsa Həbibbəyli Prezident Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələcəyini və bu tədbirlər çərçivəsində universitetin yeni tədris korpusunun təntənəli açılışında iştirak edəcəyini söylədi. İsa müəllim Heydər Əliyevi şeirlə salamlamaq üçün bir neçə tələbə ilə birgə mənim də şeir qiraət etməyimi istəyirdi. Keçirdiyim hissləri təsəvvür etmək o qədər də çətin deyil. Xatirələr yenidən canlandı. Mən elə həmin an Vaqif Məmmədovun (1948-2016) 1997-ci ildə qələmə aldığı “Ucalardan uca insan” şeirini söyləyəcəyimə qərar verdim:

Sən ucasan, zəka səndə, güc səndə,
Şimşək səndə, alov səndə, qar səndə,
Xətainin cəsarəti var səndə,
Sən qeybdən göndərilən səsmisən?
Sən tökülən qan izini kəsmisən.
İllər boyu əsarətdə yatan el,
Sevincini, şadlığını atan el,
Dar ayaqda ətəyindən tutan el
Tanrısını tanıyırdı, duyurdu,
Sən qoymadın parçalana bu yurdu.

Şeir bitdi, Ulu öndər üzümdən öpəndə: “Cənab Prezident, biz Sizinlə 1993-cü ildə, sizin 70 illik yubileyinizdə görüşmüşdük. Mən Sizə öz şeirimi hədiyyə etmişdim”, – dedim.  Gülümsəyərək: “Tanıdım səni. Sən həmin qızsan”, – dedi...

Elə hadisələr var ki, onların təəssüratı insanı ömrü boyu müşayiət edir. Dahi siyasətçi ilə bu iki görüşümdən qalan xatirələr də mənimlə əbədi qalacaq. 100 illik yubileyində Ümummilli liderimizin əziz xatirəsini böyük ehtiramla, minnətdarlıqla anıram. Ruhun şad olsun.   

Səbinə Əlincəli
Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyinin direktoru