Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Sərgidə Ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Prezident və ailə üzvləri Şuşa Yaradıcılıq Mərkəzinin həyətində müxtəlif növ güllərdən ibarət kompozisiya və gül sərgisinə də baxıblar.

Qeyd edək ki, bu günlər Şuşa əsl bayramsayağı bəzənib. O cümlədən müxtəlif məkanlarda gül kompozisiyaları qurulub. Şəhərin qonaqları gözoxşayan gül sərgiləri ilə də maraqla tanış olurlar.