Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər. Buradakı mədrəsə binasında ensiklopedik alim, şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi də açılıb.

Məlumat verilib ki, Yuxarı Gövhər ağa məscidində bərpa işlərinə 2021-ci ilin sonlarında başlanılmışdı. Məşhur memar Kərbalayi Səfixan Qarabağinin layihəsi üzrə XIX əsrdə inşa edilən məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin minarələrinin ornamentləri və otaqların Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

Şuşa işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki bərpa və konservasiya laboratoriyasında araşdırılıb. Məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb.

Bərpa işləri mədrəsə binasını da əhatə edib. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri sərgi ilə tanış olublar. Sərgidə Mir Möhsün Nəvvab Qarabağinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar da nümayiş etdirilir.

***

Şuşadakı XIX əsrə aid Saatlı məscidi də Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Saatlı məscidi də memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. 1883-cü ildə Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Şuşa şəhəri işğal altında olduğu müddətdə bir çox tarixi tikililər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkdilər.