Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkinliliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm.

Bu sözlər Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda vurğulanıb.

“Mən onun 25 il əvvəl söylədiyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həyatımdır”. Əminəm ki, həyatının mənasını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi olaraq xatırlayacaqlar”, – deyə məktubda bildirilir.

Minsk ilə Bakı arasında qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyan Heydər Əliyevin xatirəsinin Belarusda əziz tutulduğunu bildirən Aleksandr Lukaşenko Azərbaycanda “Heydər Əliyev İli” elan edilmiş 2023-cü ildə iki ölkənin diplomatik münasibətlərinin 30 illiyinin də qeyd olunmasının rəmzi hal olduğunu vurğulayıb.