Xəbər verildiyi kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak ediblər.

Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Məlumat verilib ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir.

Prezident, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında da iştirak ediblər.

Bildirilib ki, uzunluğu 438 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metrdir. Qarabağ küçəsinin uzunluğu 338 metr, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu isə 293 metrdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər. Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsinin və xalqımızın sarsılmaz birliyinin rəmzi ilə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir, uzunluğu 2473 metrdir.

Qeyd olunub ki, Şuşanın tarixi-mədəni irsinin bir sıra nümunələrinin yerləşdiyi küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada 23 binadan ibarət yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov görülən işlər barədə məlumat verib.

Üçmərtəbəli və beşmərtəbəli 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. 8 binanın tikintisinə ötən ilin iyulunda, 15 binanın inşasına isə sentyabrda başlanılıb. Kompleksin tikintisinin 2023-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.

Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti şuşalı keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək, bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub.

Mayın 10-da Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verilib. Baş plan üzrə D4 zonasında 4,25 hektar ərazini əhatə edəcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.