“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşdə işğaldan azad olunması ilə bütün Türk dünyasında qürur və fəxarət mənbəyinə çevrilmiş Şuşa şəhərinə məxsus zəngin maddi-mənəvi sərvətlərdən söz açılıb. Təşkilat tərəfindən Şuşa şəhərinin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirilmiş tədbirlərdən bəhs olunub. Fond tərəfindən ötən ildən başladılan, həmçinin Özbəkistanın Daşkənd şəhərində təşkil olunan “Şuşa günləri” ümumtürk həmrəyliyinin nümayişi kimi dəyərləndirilib. Layihənin Türk dünyasının müxtəlif şəhərlərində davam etdiriləcəyi bildirilib.

Fondun Özbəkistanla qarşılıqlı əməkdaşlığı, bu istiqamətdə gerçəkləşən tədbirlərdən də bəhs olunub. Özbək xalqının görkəmli mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinin təşkilat tərəfindən qeyd olunması, yaradıcılığının beynəlxalq miqyasda təbliği yüksək qiymətləndirilib. Təşkilatla Özbəkistanın işbirliyi çərçivəsində gələcək layihələrin perspektivləri nəzərdən keçirilib.