Mayın 11-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı, pedaqoq Reyhan Yusifqızı ilə 1 saylı məktəbin şagirdlərinin görüşü keçirilib.

Kitabxanada ənənəvi olaraq təşkil edilən bu cür tədbirlər uşaqların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan vermək məqsədi daşıyır.

Görüş zamanı Reyhan Yusifqızı məktəblilərə “Dostum Mimi”, “Yaşılgözlü qız” , “Diribaş qızlar klubu”, “Aysu”, “Pəncərəni kim sındırdı?”, “Kompüterin qəribə tarixi”, “Məstan və Babu”, “Zamanın əsirləri” və digər kitablarından bəhs edib.

Kitablarında daha çox elmi fantastik janra üstünlük verən yazıçı yaratdığı obrazlar haqqında şagirdlərə ətraflı danışıb, onların suallarını cavablandırıb.