Mayın 16-də Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla görüşüb.

Kinostudiyada keçirilən görüşdə Meksika kinosunun Azərbaycanda, eyni zamanda Azərbaycan kino sənətinin Meksika və Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan kinosunun yaranmasının 125-ci, “Azərbaycanfilm”in isə 100-cü ildönümündə yeni və klassik filmlərimizin ispan dilinə tərcümə olunaraq Meksikada nümayişi, hər iki ölkənin kino xadimlərinin qarşılıqlı görüşlərinin keçirilməsi, həmçinin Meksikanın Milli Kino İnstitutu (ImCine) ilə əməkdaşlığın qurulması barədə razılığa gəlinib.

Söhbət zamanı müştərək filmlərin istehsalı ilə bağlı da fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.