Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycandan kənarda da silsilə tədbirlər davam etməkdədir. Belə mərasimlərdən biri klassik musiqinin beşiyi hesab edilən Vyana şəhərində gerçəkləşib. Avstriya paytaxtındakı “Konzerthaus”da Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş qala-konsert və sərgi keçirilib.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə Avstriya rəsmiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, Avstriyada yaşayan soydaşlarımız, yerli musiqisevərlər iştirak ediblər.

Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb. Proqramda Cüzeppe Verdi, Cakomo Puççini, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Ruqqero Leonkavallo və digər bəstəkarların əsərləri yer alıb.

Konsertdə Xalq artisti, vokalçı Yusif Eyvazov, Əməkdar artistlər – tarzən Sahib Paşazadə və vokalçı Afaq Abbasova, gənc vokalçılar Atəş Qarayev və Daria Rıbak, Berlin və Vyana dövlət operalarının solisti Etiyen Dupui Azərbaycan və italyan operalarından parçalar, bəstəkar mahnıları ifa ediblər.

Fikrət Əmirovun “Sevil“ operasından Balaşın ariyası Yusif Eyvazovun ifasında, “Azərbaycan elləri” mahnısı Afaq Abbasovanın ifasında, Asəf Zeynallının “Ölkəm” romansı Atəş Qarayevin ifasında alqışlarla qarşılanıb. Daria Rıbak və Etiyen Dupui italyan bəstəkarlarının operalarından ariyaları yüksək məharətlə ifa ediblər.

Proqramda Azərbaycan tarında səslənən əsərlər də böyük maraqla qarşılanıb. Azərbaycan bəstəkarları Vasif Adıgözəlovun “Qərənfil” əsəri və Həsən Rzayevin “Çahargah“ rapsodiyası Sahib Paşazadənin təqdimatında tamaşaçıları heyran qoyub. SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli özünün bəstələdiyi “Dəniz” kompozisiyasını fortepianoda orkestrin müşayiəti ilə ifa edərək tamaşaçılarda xoş ovqat yaradıb.

Konsert Fikrət Əmirovun milli melodiyalarla zəngin, möhtəşəm “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşıb.

Konsertdən sonra “Konzerthaus”da ”Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda sərginin açılışı olub.

AMM-in direktoru Leyla Qasımova Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, xüsusilə Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıb. O, qala-konsertin ərsəyə gəlməsinə dəstək göstərən bütün tərəfdaşlara, xüsusilə Xalq artisti Yusif Eyvazova, Əməkdar artist Fuad İbrahimova və bütün yaradıcı heyətə minnətdarlığını ifadə edib, eləcə də Azərbaycan məhsullarının təqdimatına görə “Savalan” şirkətinin rəhbərliyinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Heydər Əliyevin dünya siyasətində tutduğu yerə nəzər salıb, onun Azərbaycan dövlətçiliyi üçün tarixi xidmətlərindən bəhs edib. Qeyd edilib ki, Heydər Əliyevin təməlini qoyduğu siyasət Azərbaycanın mədəniyyətini, musiqisini və adət-ənənələrini, azərbaycançılıq ideyalarını ölkə hüdudlarından da kənarda yüksək səviyyədə ifadə edən bir gücə çevirib.

Diplomat həmçinin diqqətə çatdırıb ki, Vyanada 10 ildir fəaliyyət göstərən AMM Azərbaycan mədəniyyətinin və musiqisinin Avstriyada tanıdılmasında mühüm rol oynayır.

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusuna həsr olunmuş bu sərgidə onun hakimiyyətdə olduğu dövrlərdə incəsənət xadimləri ilə şəkilləri, mədəniyyət obyektlərinin açılışında iştirakı, eləcə də mühüm mədəni-kütləvi tədbirlərdən fotolar nümayiş olunub.