Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsi üzvlərinin şərəfinə 11-14 may tarixlərində təşkil edilən ənənəvi Vindzor Kral Atçılıq Şousunda Azərbaycan yenə rəngarəng proqramla təmsil olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib. Vindzor Kral Atçılıq Şousu milli at cinslərimizin, xüsusilə Qarabağ atlarının dünyada tanıdılması istiqamətində əhəmiyyətli tədbirdir.

Şouda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib. Cari ildə 80 yaşını qeyd edən bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi şou-kompozisiya hazırlanıb.

Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

Tütək, zurna, balaban və digər musiqi alətlərimizdə səslənən milli melodiyalar, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqsləri və süvarilər dəstəsinin Qarabağ atları üzərində hünər nümunələrindən ibarət kompozisiya tamaşaçıları ovsunlayıb. Nəzərdə tutulmuş tarixlərdə hər gün 15 dəqiqə davam edən təqdimatda süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusilə cəlb edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru Əməkdar jurnalist Rövşən Cahangirov, xoreoqrafı Dövlət Sərhəd Xidməti rəqs ansamblının bədii rəhbəri Əməkdar artist Fərid İbrahimov və süvarilər dəstəsinin quruluşçu təlimatçısı İmran Əhmədlidir.

Mayın 14-də mötəbər qonaqların iştirakı ilə Azərbaycan Günü keçirilib. Həmin tədbirlər ərəfəsində verilmiş ziyafətdə “Mangal Steak house Zaqulba” sarayının rəhbəri Namiq Məmmədovun və baş aşpaz Oqtay Cəfərovun hazırladığı milli mətbəximizin nümunələri qonaqlara təqdim olunub. Nahar ziyafətinə Edinburq hersoqu, şahzadə Edvard və xanımı Edinburq Hersoginyası və digər kral ailəsi üzvləri də qatılıb.

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Azərbaycan pavilyonunda Qarabağ atının təsvirləri, tarixi çövkən yarışlarının fotoşəkilləri və bunlara dair qonaqlara verilən məlumatlar maraqla qarşılanıb. Pavilyonda, həmçinin dekorativ-tətbiqi sənət rəssamı Aygün Nağıyevanın əsərlərindən ibarət 22 əl işi nümayiş etdirilib və “Qarabağ möcüzəsi” əsəri şahzadə Edvarda hədiyyə edilib. Ziyafətin sonunda Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti tərəfindən də şahzadə Edvarda hədiyyələr təqdim olunub.