Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1982-ci il 29 iyul

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Şuşada Vaqif poeziya günlərində iştirak edib. Poeziya günləri ilə bağlı təşəbbüs 1982-ci ilin yanvarında Şuşada görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı zamanı irəli sürülmüş və Heydər Əliyev təşəbbüsü dəstəkləmişdi. Vaqifin məqbərəsi önündə təşkil edilən poeziya festivalını Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin birinci katibi İsmayıl Şıxlı açıb. Şair və yazıçılar çıxış ediblər, şeirlər, musiqi parçaları səslənib.

Həmin gün Heydər Əliyev Şuşada klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsinin açılışını edib. Tunc büst (heykəltəraş Əməkdar incəsənət xadimi Həyat Abdullayeva, arxitektor Zeynəb Quliyeva) şairənin adını daşıyan bağda qoyulub (1992-ci ildə ermənilər Şuşanı işğal edəndən sonra “güllələnmiş abidə” kimi tarixə düşən Natəvanın büstü 2021-ci ildə yenidən azad Şuşada qərar tutub).

Heydər Əliyev Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun evini – xatirə muzeyini də ziyarət edib. Həmin gün buradakı ekspozisiya yeni foto sənədləri ilə zənginləşib. Heydər Əliyev muzeyin ekspozisiyası və yenidən qurulması layihəsi ilə tanış olduqdan sonra burada bəstəkarın xatirə kompleksini yaratmağın vacib olduğunu qeyd edib. Bildirib ki, kompleks Üzeyir Hacıbəyovun yaradıcılığını, milli musiqi mədəniyyətini təbliğ edən mərkəzlərdən birinə çevrilməlidir. Bu iş Üzeyir Hacıbəyovun yüzilliyinin təntənə ilə qeyd ediləcəyi 1985-ci ilədək başa çatdırılmalıdır.

Tarix-memarlıq qoruğu elan edilmiş Şuşanın görməli yerlərini gəzən Heydər Əliyev deyib: “Dünyaya gözəl şairlər və musiqiçilər bəxş etmiş şəhərin bütün gözəlliyini, özünəməxsus təkrarsız görkəmini qoruyub saxlamaq çox vacibdir. Elə etmək lazımdır ki, onun yeni tikintiləri qədim binalarla üzvi surətdə vəhdət yaratsın...”.

 

1982-ci il 30 iyul

 

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Stepanakert (Xankəndi – red.) şəhərində Dağlıq Qarabağ Vilayət Partiya Komitəsində vilayətin rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə çıxış edən Heydər Əliyev vilayətdə sənaye, kənd təsərrüfatı və digər sahələrlə yanaşı, mədəni-maarif işinin  daha da yaxşılaşdırılması barədə də tapşırıqlar verib.

Həmin gün Xankəndi şəhərində Azərbaycan yaradıcılıq ittifaqlarının idarə heyətlərinin birləşmiş səyyar plenumu keçirilib. SSRİ-nin yaranmasının 60 illiyinə həsr olunan plenumda Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri Mirzə İbrahimov, Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi Rauf Hacıyev, Rəssamlar İttifaqının sədri Yusif Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin birinci katibi Rüstəm İbrahimbәyov hesabatla çıxış ediblər.

Heydər Əliyev plenumda nitq söyləyib.

“...Bu ilin əvvəllərində Azərbaycanın ədəbiyyat, incəsənət və elm xadimlərinin böyük bir qrupu Dağlıq Qarabağda olmuşdur. O unudulmaz görüşlər vilayətin ictimai-siyasi və mədəni həyatında mühüm hadisə olmuş, xalqların dostluğunun daha da möhkəmlənməsində müsbət rol oynamışdır. Bu gün isə SSRİ-nin təşkilinin 60 illiyi münasibətilə muxtar vilayətdə Azərbaycanın yaradıcılıq ittifaqları idarə heyətlərinin birləşmiş səyyar plenumu keçirilir.

...Biz şübhə etmirik ki, yaradıcılıq ittifaqları idarə heyətlərinin Azərbaycanın gözəl guşələrindən birində — qədim Qarabağ torpağında keçirilən birləşmiş plenumu Azərbaycanın mədəniyyət xadimlərinin yeni zirvələrə çatmaq üçün daha geniş səfərbərliyə alınmasında mühüm rol oynayacaq...

Bu ilin əvvəllərində biz sizinlə birlikdə Şuşada Azərbaycan xalqının şanlı oğlu Molla Pənah Vaqifin görkəmli xidmətlərini əbədiləşdirən məqbərə açmışıq. İndi isə böyük şair və mütəfəkkirə həsr edilən poeziya bayramı açılır. Mənə elə gəlir ki, Vaqif poeziyası günləri ənənəyə çevriləcək və respublikamızın mənəvi həyatının zənginləşməsinə layiqli töhfə olacaq, ədəbiyyatımızın və xüsusən poeziyamızın daha da inkişafına, Azərbaycanının mədəniyyət xadimlərinin, bütün zəhmətkeşlərinin dostluğunun və beynəlmiləl əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Ümidvarıq ki, respublika yaradıcılıq İttifaqları idarə heyətlərinin birləşmiş plenumunun keçirilməsi ideoloji işin səviyyəsinin daha da yüksəldilməsində, zəhmətkeşlərin öz qarşılarında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün səfərbərliyə alınmasında Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya təşkilatına, mədəniyyət və elm xadimlərinə böyük kömək göstərəcəkdir...”.

Plenumdan sonra Heydər Əliyev M.Qorki adına Stepanakert Dövlət Dram Teatrının binası qarşısında teatrın bir qrup işçisi ilə söhbət edib, teatrın yarımәsrlik yubileyi və “Şərəf Nişanı” ordeni ilə təltif edilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.

***

Ədəbiyyat, mədəniyyət xadimlərinin yaradıcı fəaliyyətinə dövlət tərəfindən yüksək qiymət verilirdi.

 

1982-ci il 17 avqust

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet ədəbiyyatının inkişafında böyük хidmətlərinə görə və 70 illiyi ilə əlaqədar olaraq şair Mirvarid Dilbazi “Qirmizi Əmək Bayrağı” ordeni ilə təltif edilib.

 

1982-ci il 19 avqust

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet musiqi sənətinin inkişafında görkəmli хidmətlərinə görə və 70 illiyi ilə əlaqədar olaraq SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyova Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Hazırladı: V.Orxan

(davamı var)