“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi

 

Vaxtilə “Qafqazın konservatoriyası” kimi dəyərləndirilən söz-sənət beşiyimiz Şuşa şəhəri bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 2022-ci ilin martında Bursada (Türkiyə) keçirilən toplantısında Şuşa bu ada layiq görülüb.

Mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirildi. Təntənəli mərasim Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşdi.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezident Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Qazaxıstanın mədəniyyət və idman naziri Asxat Oralov, Qırğızıstanın mədəniyyət informasiya idman və gənclik naziri Altınbek Maksutov, ŞKTC-nin Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu, TÜRKSOY-a üzv olan digər ölkələrin rəsmiləri, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələri, türk dövlət və toplumlarından sənətçilər, media mənsubları iştirak edirdilər.

Şəhərdə bir gün əvvəl başa çatan, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə (9-11 may) keçirilmiş “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ab-havası hələ çəkilməmişdi.

Əvvəlcə qonaqlar “Qarabağ” hotelinin qarşısında türk respublikalarının mətbəx və sənətkarlıq nümunələrinin yer aldığı guşələrlə tanış olub təamlardan daddılar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası qarşısındakı meydanda türk respublikalarından gəlmiş rəqs kollektivlərinin çıxışları izlənildi.

Xüsusi nümayəndəliyin konfrans zalının qarşısında indiyədək “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirmiş şəhərlərin fotolarından ibarət sərgiyə baxış oldu. Burada “Şuşa” adlı Azərbaycanın ilk süni intellekt sənətçisinin mədəniyyət paytaxtımızın tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumatları səsləndi.

Bildirildi ki, 28 il düşmən işğalında qalan Şuşa şəhərinin tarixi-mədəni zənginlikləri erməni vandalları tərəfindən dağıdılıb, talan edilib. Qonaqlar “Şuşa”nın Qarabağ xalçalarının motivləri əsasında yaratdığı yeni virtual xalçaların rəsmlərinə də baxdılar. Virtual xalçalar Mədəniyyət Nazirliyinin təqdim etdiyi motivlər əsasında “Mezo” rəqəmsal incəsənət qrupu tərəfindən ənənəvi vizual, şifahi və eşitmə prinsipləri üzrə ərsəyə gətirilib. Xatırladaq ki, “Şuşa” süni intellekt sənətçisi ilk dəfə 2022-ci ildə II İstanbul Rəqəmsal İncəsənət Festivalında nümayiş etdirilib.

 

Tarix və mədəniyyətimizin rəmzi

 

Konfrans zalında gerçəkləşən açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirdi. Bildirdi ki, bu il Azərbaycan və Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider, Türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un 30 illik yubileyi də bu il qeyd olunur: “Bütün TÜRKSOY ailəsini əlamətdar yubiley münasibətilə təbrik edirik”.

Nazir qeyd etdi ki, Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir. Ulu öndər Heydər Əliyev deyirdi ki, Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Ümummilli lider Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bildirildi ki, 30 illik erməni işğalı dövründə Şuşa, eləcə də Azərbaycanın işğal edilmiş digər əraziləri dağıdılaraq talan edilib. İşğal dövründə mədəni irs nümunələrimiz, məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, muzeylər, qəbirüstü abidələr erməni vandalizminə məruz qalıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşanı azad edərək Türk dünyasına möhtəşəm Zəfər yaşatdı.

Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhər və kəndlərimizin bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması da bərpa edilir, yenidən mədəni həyat qayıdır. Bərpa olunmuş məscidlərdə səslənən azan Şuşaya yenidən Azərbaycan mənəviyyatının qayıdışının rəmzidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər təşkil olunur, mədəni irsimizin bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Əsası 1989-cu ildə qoyulan və işğal səbəbindən uzun illər keçirilməsi mümkün olmayan “Xarıbülbül” musiqi festivalı azad Şuşada artıq 3-cü ildir təşkil edilir. Vaxtilə Sovet İttifaqı ölkələri kimi təmsil olunan qardaş türk respublikaları indi bu festivalda müstəqil dövlətlər kimi iştirak edirlər. Üç gün davam edən festival ümumtürk mədəniyyətinin təntənəsi oldu.

Adil Kərimli qeyd etdi ki, türk dövlətləri birliyinin möhkəmləndirilməsində mədəniyyətin başlıca rolu var. Bu faktı nəzərə alan Ümummilli lider Heydər Əliyevin TÜRKSOY-un yaradılmasında əvəzsiz xidmətləri olub. Türk dünyası birliyinin təmin olunması, mədəni əlaqələrin genişləndirilməsi, türk dövlətlərinin inteqrasiyası, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi Heydər Əliyevin ən ümdə məqsədlərindən biri idi. Artıq 30 ildir fəaliyyət göstərən TÜRKSOY bu gün beynəlxalq aləmdə nüfuzlu təşkilata çevrilib. Qurum səmərəli fəaliyyəti ilə xalqlarımızın tarixi-mədəni köklərinə bağlı qalmasına və qarşılıqlı inteqrasiya proseslərinə davamlı töhfələr verməkdədir.

Nazir onu da əlavə etdi ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb. Bununla əlaqədar oktyabr ayına planlaşdırılan TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının iclası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi də nəzərdə tutulur: “Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Bu forum da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”.

Nazir çıxışının sonunda tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, eləcə də TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

***

Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında məlumat verdi. Bildirdi ki, işğal zamanı dağıdılan infrastruktur dövlət başçısının xüsusi nəzarəti altında yenidən qurulur. O, Şuşada tarixi-mədəni mirasımızın bərpası istiqamətində də işlərin həyata keçirildiyini diqqətə çatdırdı.

 

Şuşanın mədəni zənginliyinin təbliği diqqət mərkəzində olacaq

 

TÜRKSOY-un baş katibi Sultan Raev Şuşanın tarixən Azərbaycana və bütövlükdə Türk dünyasına görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etdiyini bildirdi. Dedi ki, II Qarabağ müharibəsində 44 gündə Azərbaycanın işğal altında olan ərazilərinin, həmçinin bu gözəl Şuşanın azad olunması bütün Türk dünyasını sevindirib: “Azərbaycanın şanlı Zəfəri Türk dünyasının qələbəsi və qürurudur. Qəhrəman Azərbaycan xalqını bu Zəfər münasibətilə bir daha təbrik edirəm”.

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından məmnuniyyət duyduqlarını dilə gətirən baş katib TÜRKSOY olaraq bu qədim və bənzərsiz şəhərin mədəni zənginliklərinin təbliğinə həmişə diqqət yetirəcəklərini bildirdi.

***

TDT-nin baş katibi Kumanıçbek Ömüraliyev Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı və bu qədim torpaqda olmağından məmnunluğunu ifadə  etdi. Dedi ki, son illər həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb və regionun aparıcı dövlətlərindən birinə çevrilib: “Bildiyiniz kimi, bu il Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Heydər Əliyev türk birliyinin yaranmasında müstəsna xidmətlər göstərib. Mən əminəm ki, bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın Zəfəri eyni zamanda türk birliyinin daha da güclənməsinə təkan verdi. Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olması türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşmasına və bu qədim şəhərin geniş coğrafiyada tanınmasına rəvac verəcək”.

TDT-nin keçdiyi yola nəzər salan baş katib ötən dövrdə türk dövlət başçıları tərəfindən tarixi qərarların qəbul edildiyini, qurumun şuradan beynəlxalq təşkilata çevrildiyini, nüfuzunun artdığını dedi. Bildirildi ki, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası təşkilata müşahidəçi üzv qəbul olunub. Təşkilata üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, gömrük və nəqliyyat sahəsində sadələşdirilmiş mexanizmlərin tətbiqi Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyətini daha da artırıb.   

K.Ömüraliyev çıxışının sonunda bütün türkdilli xalqların yaradıcı simalarını “mədəniyyət paytaxtı” ili çərçivəsində Şuşada keçiriləcək tədbirlərdə yaxından iştirak etməyə çağırdı.

***

Azərbaycanın Rusiyadakı səfiri, TÜRKSOY-un ilk baş katibi olmuş Xalq artisti Polad Bülbüloğlu təşkilatın yaranması və fəaliyyəti haqqında söz açdı. Türk dünyasından qonaqları ata yurdu Şuşada görməkdən şad olduğunu bildirən Polad Bülbüloğlu hazırkı mürəkkəb geosiyasi vəziyyətdə türk dövlətlərinin və xalqlarının daha da yaxınlaşmasının zərurətə çevrildiyini diqqətə çatdırdı, türk əməkdaşlıq təşkilatlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.

Polad Bülbüloğlu çıxışını başa vurduqdan sonra uzun illərdir dillər əzbərinə çevrilmiş “Gəl, ey səhər” mahnısını ifa etdi. Yeni növrağına şahidlik etdiyimiz Şuşanın daha parlaq günlərinin çox yaxında olduğuna hər kəsi inandıran bu bənzərsiz nəğmə sürəkli alqışlarla qarşılandı.

Sonra Sultan Raev mədəniyyət naziri Adil Kərimliyə, Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimova, TDT-nin baş katibi Kumanıçbek Ömüraliyevə və Xalq artisti Polad Bülbüloğluna TÜRKSOY-un hədiyyələrini təqdim etdi.

“Türk dünyasının mədəniyyət paytaxtı” olmuş şəhərlər haqqında videoçarx nümayiş olunduqdan sonra dost-qardaş ellərdən gəlmiş ifaçı və kollektivlərin iştirakı ilə konsert proqramı təqdim edildi.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar TÜRKSOY-un baş katibi Sultan Raevə birliyin Bəxtiyar Vahabzadə mükafatını təqdim etdi.

***

Açılış mərasimindən sonra qonaqlar Şuşa Yaradıcılıq Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Yuxarı Gövhər ağa məscidinin mədrəsə binasında Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyasının sərgisi ilə tanış oldular, şəhərin digər tarixi məkanları da ziyarət edildi.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhərdir.

***

Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlər təkcə Azərbaycanın deyil, Türk dünyasının da ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsinə parlaq səhifələr yazıblar. Vaxtilə Şuşa öz mədəniyyət, söz-sənət işığından ölkəmizə və dünyaya pay verirdi. Düşmən 28 il o işığın qarşısını kəsməyə, Şuşanı özününkü etməyə çalışsa da, buna nail ola bilmədi. Çünki doğma yurd yalnız doğma insanların ruhu, nəfəsi, hənirtisi, zəhməti ilə ayaqda qalar, çiçəklənər. “Mədəniyyət paytaxtı” ilinin açılışına da Şuşamızın qurtuluşuna, intibahına sevinənlər yığışmışdı. Şuşa onu sevənləri həmişə gözləyəcək...

Fariz Yunisli
Bakı-Şuşa-Bakı