Türkiyədə “Ulusal” telekanalında hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşaya həsr edilib. 

Proqramda mayın 12-də keçirilən “Şuşa 2023 – “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimindən görüntülər və Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raevin Şuşada çıxışı nümayiş olunub.  

Daha sonra proqramda Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekovun təbrik mesajı və Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın çıxışı yer alıb. Çıxışlarda Azərbaycanın tarixi Zəfərinin Türk dünyası üçün əhəmiyyətindən bəhs olunub, Şuşanın bu xüsusda yerındən, 2021-ci ildə  Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı “Şuşa Bəyannaməsi”nin vacibliyindən bəhs edilib.

Şuşaya həsr olunan şeirlər səslənib, mahnılar ifa olunub. Veriliş bu günlərdə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından görüntülərlə başa çatıb.

“Azərbaycan rüzgarı” layihəsinin müəllifi və aparıcısı – həmyerlimiz, İstanbul Universitetinin doktorantı, telejurnalist Səidə Ömər “Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Şuşadan teleproqram yayımlamaq arzusunu da ifadə edib.

Qeyd edək ki proqram Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə hər həftənin bazar günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanır.

Mehparə Sultanova
Ankara