Özünəməxsus ifa üslubu ilə seçilən Sabir Mirzəyev milli musiqi sənətimizin inkişafına töhfələr verib. Onun ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm” xalq mahnıları, “Çahargah” və “Rast” muğamları Azərbaycan musiqi mədəniyyətinin “qızıl fond”una daxil olub.

Bu fikirlər mayın 16-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin (1943-2011) 80 illiyinə həsr olunan xatirə gecəsində səsləndirilib.

Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi, Xalq artisti Ağadadaş Ağayev çıxış edərək Sabir Mirzəyevin muğam sənətimizdə qoyduğu izdən, həyat və yaradıcılığından söz açıblar.

Gecədə BMM-in solistləri – Əməkdar artistlər Sevinc Sarıyeva, Arzu Əliyeva, Səbuhi İbayev, xanəndə Rəvanə Qurbanova, həmçinin Əməkdar artist Yusif Mustafayev, gənc xanəndələr Xəyal Hüseynov və Nemət Mirzəyevin ifaları təqdim olunub. İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyində ansambl müşayiət edib.

“Çahargah” muğamının mahir ifaçılarından olan Sabir Mirzəyev Cəlilabad rayonunda anadan olub. 40 ildən çox Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, “Azərkonsert” birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini qoruyub yaşadan Sabir Mirzəyev özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da zənginləşdirib.