Aksiya ilə bağlı paytaxt muzeylərində qələbəlik idi

 

Xəbər verdiyimiz kimi, 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bu il “Muzeylər, dayanıqlılıq və rifah” mövzusuna həsr olunan əlamətdar gündə paytaxtımızın bir neçə muzeyini ziyarət etdik.

İlk olaraq Muzey Mərkəzində olduq. Mərkəzdə yerləşən Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi də əlamətdar gün münasibətilə “açıq qapı” elan etmişdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin Ev-Muzeyi və Qara Qarayevin Ev-Muzeyi də Beynəlxalq Muzeylər Günü ilə bağlı aksiyaya qoşulmuşdular.

Paytaxtımızın sakinləri, yerli və xarici qonaqlar bu fürsətdən istifadə edərək muzeyləri ziyarət edir, ekspozisiyalarla tanış olurdular.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də əlamətdar günlə bağlı “açıq qapı” elan etmişdi.

Muzeyin Ekspozisiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı qeyd etdi ki, “açıq qapı” günündə muzeyi 189-190 nömrəli tam orta məktəbin və digər orta təhsil müəssisələrinin şagirdləri, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Asəf Zeynallı adına Musiqi Kolleci və müxtəlif ali məktəblərin müəllim və tələbə heyəti, eləcə də əcnəbilər ziyarət edirlər. Onlara muzeyin ekspozisiya zallarında müxtəlif dillərdə izahatlar verilir, eksponatlar və mühüm ədəbi faktlar qonaqların diqqətinə çatdırılır.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi də ziyarətçilər tərəfindən maraqla izlənilir. On lövhədən ibarət olan sərgidə Ulu öndərin Azərbaycan ədəbiyyatına, onun parlaq nümayəndələrinə sevgi və qayğısının timsalı olan şəkillər, Heydər Əliyevin klassik dövr ustadlarının bədii irsinə bağlılığını, Türk dünyasının ədəbiyyat xadimləri ilə görüşlərini, aforizmlərini əks etdirən bölmələr yer alır.

***

Baş çəkdiyimiz daha bir ünvan Azərbaycan Milli İncəsənət Muzeyi oldu. Muzeyin girişində böyük ziyarətçi axını ilə qarşılaşdıq. Bir portretin qarşısında dayanıb maraqla seyr edən gənc xanıma yaxınlaşıb “açıq qapı” aksiyası və muzey haqqında fikirlərini öyrənirik.

“Hədəf” liseyinin 10-cu sinif şagirdi olan Fatimə Paşayeva “açıq qapı” gününü müəllimindən xəbər aldığını söyləyir: “Mən də fürsətdən istifadə edərək muzeyi ziyarətə gəlmişəm. Milli İncəsənət Muzeyinə ilk dəfə gəlirəm. Bir-birindən dəyərli eksponatlar var. Ən çox xoşuma gələn isə Fridrix Avqust fon Kaulbaxın “Yelizaveta Fyodorovna” portreti oldu”.

***

Milli Azərbaycan Tarixi Muzeyinin binasında fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyindəyik. “Açıq qapı” günündə paytaxt sakinləri və şəhərimizin qonaqları, habelə xarici vətəndaşlar kompleksi ziyarət edirlər.

Mariya Qatri və Morqan Sims Avstraliyanın Sidney şəhərindən ölkəmizə gəliblər. Söylədiklərinə görə, qaldıqları hoteldə muzeylərdə “açıq qapı” elan olunduğunu öyrəniblər: “Xəbəri öyrənən kimi Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyinə üz tutduq. Tağıyevin böyük xeyriyyəçi olmasından xəbərimiz var. Fikrimizcə, vaxtilə etdiyi xeyirxahlıqlara görə bu gün də insanlar Tağıyevi unutmur, ev-muzeyini ziyarət edirlər”.

***

Hüseyn Cavidin Ev-Muzeyini əlamətdar gündə Bakı şəhərinin və paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri, müxtəlif ali məktəblərin tələbə və müəllimləri, digər qonaqlar ziyarət ediblər.

Muzeyin bələdçiləri tərəfindən ziyarətçilərə dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin ekspozisiyasında sərgilənən nümunələr haqqında ətraflı məlumat verilib.

***

Sonuncu baş çəkdiyimiz ünvan unikal memarlığı ilə də diqqəti cəlb edən Azərbaycan Milli Xalça Muzeyi oldu. Əsl “açıq qapı” burada hiss olunurdu, qələbəlik idi.

Qonaqlar sırasında gənclər üstünlük təşkil edirdi. Həmin gənclərdən  Səyyaf Orucovla həmsöhbət oluruq. Səyyaf Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I kurs tələbəsidir. Sosial şəbəkə vasitəsilə Mədəniyyət Nazirliyinin “açıq qapı” aksiyasından xəbər tutub: “Milli Xalça Muzeyinə ilk dəfədir gəldiyim üçün kompleksdəki eksponatlara bir-bir göz gəzdirirəm. Eksponatlar sırasında ən çox milli geyimlər və “Qarabağ” xalçası diqqətimi çəkdi. Buradan ayrıldıqdan sonra gün ərzində digər muzeyləri də ziyarət etməyi planlaşdırıram. Fürsətdən istifadə edib bizlərə belə bir şərait yaratdıqlarına görə Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm”.

N.Məmmədli
Foto: H.Hüseynov