Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və kitabxana” mövzusunda konfrans keçirilib. Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Konfransda RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli çıxış edərək Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına diqqət və qayğısından söz açıb.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov bildirib ki, XIX əsrdə Azərbaycanda həm neft sənayesinin yüksəlişi, həm də ictimai-siyasi həyatda baş verən müsbət dəyişikliklər kitabxanalar şəbəkəsinin yaradılmasına gətirib çıxarıb. O, sovet dövründə və ölkəmiz müstəqillik əldə etdikdən sonra kitabxana sisteminin inkişafında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.
Müxtəlif ali məktəb kitabxanaları əməkdaşlarının və tələbələrin də iştirak etdiyi konfransda RETK-nın əməkdaşları Azadə Orucovanın “Azərbaycanda kitabxana işinin inkişafına Heydər Əliyev qayğısı”, Sevda Ağayevanın “Heydər Əliyev və kitabxana”, Bəsti Məmmədovanın “Kitabxana və kitabxana işi” mövzularında məruzələri dinlənilib.
Əqli Mülkiyyət Agentliyinin İdarə heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru Şəhla Quliyeva, Azərbaycan Texniki Universiteti Kitabxana informasiya mərkəzinin direktoru Xəyalə Hacıyeva, Azərbaycan Milli Kitabxanası Elmi-metodiki şöbəsinin müdiri Aygün Koçak və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.