Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səfir Azərbaycanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan diplomat bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib.

Səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu deyib, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini qeyd edib.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. O, həmçinin informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan öz torpaqlarının otuz ilə yaxın Ermənistanın işğalı altında qalmasından söz açaraq qeyd edib ki, həmin dövrdə xalqımız humanitar fəlakətlə üzləşmişdi və bu, Azərbaycanın inkişafı üçün əngəllər törədirdi. İndi – torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə daha böyük potensiala malikdir.

Dövlət başçısı eyni zamanda vurğulayıb ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib  ki, əgər Ermənistan Azərbaycanla sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın institusional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirib. Qeyd edib ki, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra təşəbbüslər uğurla həyata keçirilib. İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu dıqqətə çatdırıb, ötən il təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirib.

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.