“Adamlara nəyisə izah etmək üçün ən yaxşı vasitə teatrdır...”


Azərbaycan xalqının Ümummilli lideri, mədəniyyətimizin himayədarı Heydər Əliyev 100 illik yubileyi ölkəmizdə və dünyada müxtəlif silsilə tədbirlərlə qeyd olunur, Ulu öndərin ölkəmizin inkişafına xidmətləri da minnətdarlıqla xatırlanır. Məlum olduğu kimi, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana – doğma yurduna yola düşüb. O, həmin il Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçilib.

Ulu öndər Naxçıvana gələndə sakinlər tez-tez onun görüşünə gedirdi. Bu, naxçıvanlılar tərəfindən həm mənəvi dəstək, həm də SSRİ rəhbərliyində yüksək vəzifə daşımış və Moskvadan, Kremldən sağ-salamat çıxıb Vətənə dönən qəhrəman həmyerlisini şəxsən görmək istəyindən irəli gəlirdi.

Həmin dövrdə Heydər Əliyevi görmək üçün Naxçıvan Dövlət Milli Dram Teatrının bir neçə aktyoru da Ulu öndərin yaşadığı evə getmişdi. O görüşdən 30 ildən artıq müddət keçsə də, aktyorlar dahi siyasətçi ilə söhbətlərini yaxşı xatırlayırlar.

Əməkdar artist Behruz Haxverdiyev: “Etiraf edim ki, biz həmin vaxt Heydər Əliyevlə görüşməklə həm də onu teatra dəvət etmək istəyirdik. Çünki o ərəfədə, yəni 1990-cı illərdə teatra maraq azalmışdı. Demək olar ki, teatra gələn yox idi. Mən, aktyorlar Kamran Quliyev, Xəlil Hüseynov və rejissor Əsgər Əsgərov birlikdə Heydər Əliyevin evinə getdik. Ümummilli lider qəzet oxuyurdu. Tez işarə elədi ki, gəlsinlər. Baxdım ki, ətrafında bir neçə qəzet var. Əksəriyyəti də rusca idi. Heydər Əliyev bizi gülərüzlə qarşıladı. Oturduq. Diqqətlə hamımıza baxdı. Birdən mənə: “Sən rəhmətlik Əyyub Haqverdiyevin oğlusan?" – dedi. Təsdiqlədim. Atam Xalq artisti idi, uzun illər Naxçıvan teatrında çalışmışdı. Məni təəccüb bürüdü. "Hmm. Atana oxşayırsan. Sən bilirsən, mən yeniyetməliyimdə o vaxtkı “Pionerlər evi”ndə İbrahim Həmzəyevin dram dərnəyinə getmişəm. Atan da məni və digər həvəskarları yaxşı qrim edərdi”, – dedi. Sonra rejissorumuz Əsgər Əsgərov bizi bir-bir təqdim etdi. Maraqlı söhbət başladı...”.

Xalq artisti Kamran Quliyev: “Həmin vaxtlar Naxçıvan teatrı, demək olar ki, fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında idi. Bağlanmaq məsələsi qoyulmuşdu. Naxçıvan Ali Sovetinin bir qrup deputatı gəlir gətirməyən təşkilatların bağlanması ilə əlaqədar məsələni gündəmə gətirmişdi və bu işdə israrlı idilər. Biz Heydər Əliyevə bunu da dedik. Heç nə demədi. Sakit tərzdə Naxçıvan teatrının tarixindən danışdı. 1940-cı illərdəki tamaşaları, rejissorların adlarını, quruluş verdikləri əsərləri, orada oynayan aktyorları bir-bir sadaladı. Dedi ki, elə tamaşa var onu əzbər bilirəm. Hətta bəzilərinə 4-5 dəfə baxmışam: “O zamanlar teatr ən maraqlı yer idi. Hətta mən yeniyetmə olanda İbrahim Həmzəyevin oynadığı rollara çox maraqla baxırdım. Onun çox yaxşı diksiyası vardı. Mən də evə gəlib onun dediklərini təkrar edir, onun kimi danışmağa çalışırdım. Bu, mənə sonralar yaxşı təsir etdi”. Ulu öndər 1960-70-ci illərdə Azərbaycan teatrı və kinosundan da danışdı, maraqlı faktları diqqətə çatdırdı...”.

Prezident təqaüdçüsü, Əməkdar artist Xəlil Hüseynov: “Həmin görüşümüzdə söhbət əsnasında biz Heydər Əliyevə dedik ki, sizi həm də teatrın Üzeyir Hacıbəylinin felyetonları əsasında səhnələşdirdiyi “Ordan-burdan” tamaşasına baxmağa dəvət edirik. Özünəməxsus gülüşlə: “Belə edirsiniz ki, mənə görə tamaşaçılarınızın sayı çoxalsın?”, – dedi. Düzü, bizim digər məqsədimiz həm də bu idi. Tamaşaçıları, heç olmasa, Heydər Əliyevə görə teatra cəlb eləmək. Çünki kim bilsəydi ki, Ulu öndər Naxçıvan teatrında yeni tamaşaya baxıb, yəqin ki, qarşıdakı günlərdə mütləq gələcəkdi. Onun fəhmi bizi sözün düzünü deməyə məcbur etdi. “Yaxşı, gələrəm, ancaq gərək işlərimi planlaşdırım. Bir də mənim vaxtım az olur. Bir həftə qabaq teatra dəvət eləməzlər. Gərək vaxt təyin edək. Mən o zamanlar, 1970-80-ci illərdə Azərbaycanda teatrlara tez-tez gedərdim. Hamı da mənə görə gəlib baxırdı tamaşalara. Hətta 1970-ci illərdə simfonik musiqimiz çox zəif inkişaf edirdi. Mən bu musiqini xoşlayıram. Amma adamlar, görünür, onu yaxşı başa düşmürdülər. Hətta mən ətrafımdakı məsul şəxslərlə gedirdim filarmoniyadakı konsertlərə, ya da Opera və Balet Teatrına, baxırdım ki, konsert vaxtı zaldakıların əksəriyyəti yatır. Sonra fikirləşdim və dedim sabah yenə gedəcəyik simfonik musiqilərdən ibarət konsertə. Amma mən sizdən soruşacağam ki, repertuar necə idi. Kim kimdən sonra çıxış edirdi. Bundan sonra isə adamlar alışdılar. Sonralar Niyazi mənə məruzə edirdi ki, artıq rəhbər vəzifədə işləyənlər könüllü şəkildə konsertlərə gəlirlər. Beləliklə, biz bu sahədə olan boşluğu bu yolla doldurduq. Sonrası da məlumdur. Yaxşı, dünya səviyyəsində əsərlər yarandı”.

Xəlil Hüseynov deyir ki, Heydər Əliyev aktyorlara verdiyi sözü tutur və bir neçə həftədən sonra Naxçıvan teatrının hazırladığı “Ordan-burdan” tamaşasına baxmağa gəlir. Tamaşadan sonra pərdə arxasında, səhnədə aktyorlarla görüşür. O vaxt rəhbər vəzifədə olanların əksəriyyəti orada idi. Sənətkarlara öz minnətdarlığını bildirəndən sonra teatrı çox sevən Heydər Əliyev üzünü Ali Məclisin deputatlarına və rəhbər vəzifədə olanlara tutur: “Görürsünüz, teatr nə deməkdir. Sizin saatlarla günün altında dayanıb dediyinizə çox vaxt adamlar qulaq asmır. Ancaq teatrda 1 saat 20 dəqiqə ərzində hər şey aydın oldu. Bu hadisələr hələ əsrin əvvəlində olub. Ancaq yenə aktualdır. Siz saatlarla bunu kiməsə başa sala bilməzdiniz. Ancaq aktyorlar göstərə və deyə bildilər. Ona görə də Naxçıvan teatrı yaşamalıdır. İndiki vaxtda onun gəliri, ola bilsin ki, yoxdur, ancaq təsiri milyonlara dəyər. Adamlara nəyisə izah etmək üçün ən yaxşı vasitə teatrdır. Onun yaşamasına hamımız kömək eləməliyik!”. Bəli, Ulu öndərin diqqəti və şəxsi nüfuzu sayəsində Naxçıvan teatrının bağlanması ilə barədə söz-söhbət birdəfəlik aradan qalxır...

***

Zəngin ənənələri olan Naxçıvan teatrı bu il özünün 140 yaşını qeyd edir. Özü də dövlətimizin qayğısı altında Azərbaycan və dünya müəlliflərinin ən maraqlı əsərlərinin diqqətçəkən səhnə həlli ilə.

Hazırda teatrın truppasında yüksək fəxri adlara və təltiflər layiq görülmüş yaradıcı heyət fəaliyyət göstərir. Onlardan 4-ü Xalq artisti, 5-i Azərbaycan Respublikasının Əməkdar artisti, 3-ü Naxçıvan MR-in Əməkdar artisti, bir nəfəri Əməkdar rəssam, bir nəfəri Əməkdar mədəniyyət işçisi, 3-ü isə “Tərəqqi” medallı aktyordur. Prezident İlham Əliyevin bu ilin 6 may tarixində imzaladığı sərəncamla kollektivin 8 nəfər üzvü Prezident mükafatına layiq görülüb.

Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti