18-19 may tarixlərində Tatarıstanın Kazan şəhərində keçirilən “Rusiya-İslam dünyası” XIV Beynəlxalq İqtisadi Forumu (Kazan Forumu – 2023) çərçivəsində “Bölgənin iqtisadi inkişafında kino istehsalının rolu” adlı panel təşkil edilib.

Rusiya Federasiyası və Tatarıstan Respublikası mədəniyyət nazirliklərinin təşkil etdiyi paneldə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak edib.

“Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirin məqsədi bölgənin iqtisadi inkişafının əsas faktoru kimi milli kino istehsalının inkişaf strategiyalarının müəyyən edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır.

Nazim Hüseynov paneldə çıxışı zamanı kinematoqrafiya sahəsində beynəlxalq layihələrin perspektivlərindən danışıb, həmçinin milli kino sənayesinin köməyi ilə yaranan ənənələrin regionun inkişafındakı rolunu diqqətə çatdırıb.

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya və digər ölkələrin kino xadimləri də iştirak ediblər.