Mayın 19-da Muzey Mərkəzinin sərgi salonunda bir qrup rəssamın mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş qrup sərgisi açılıb.

“Şuşa” adlı sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Muzey Mərkəzinin dəstəyi ilə reallaşıb.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və Xalq rəssamı Arif Hüseynov sərginin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə təşkil olunub. Ekspozisiyada 30-a yaxın rəssam və heykəltəraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltəraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərləri sərgilənir.

Qeyd olunub ki, Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Təsviri sənət ustaları Şuşanın otuz ilə yaxın işğal altında qaldığı dövrdə də bu şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə dəyərli əsərlər bəxş ediblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar.