Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) şagirdlərinin Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə hesabat konserti keçirilib.

Mayın 18-də gerçəkləşən tədbirin təşkilatçısı və aparıcısı MİM-in müəllimi, musiqişünas Nərgiz Kərimova hesabat konsertini açıq elan edərək Ulu öndərin həyat yolu haqqında çıxış edib.

Tədbirdə qonaq qismində Mədəniyyət Nazirliyi Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Musiqi təhsili və incəsənət sektorunun müdiri Bəturə Məmmədəliyeva, musiqi məktəblərinin direktorları və bir sıra qurumların rəhbər və nümayəndələri iştirak ediblər.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Mustafa Mehmandarov) MİM-in direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli, Əməkdar müəllim Kamal Paşazadə, Əməkdar artist Vaxtanq İmanov, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyeva və məktəbin tədris işləri üzrə direktor müavini Mənsurə Quliyevanın şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.