M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Solistlər beynəlxalq müsabiqələr laureatları Natavan Mikayılqızı (qanun) və Surə Rüfətin (violin) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

***

Kamera və Orqan Musiqisi Zalında isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik Musiqi məktəbi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş hesabat konserti verib.

Baş idarədən verilən məlumata görə, çıxış edənlər müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıblar.

Hesabat konsertində respublika və beynəlxalq müsabiqələr laureatları olan məktəbin şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.