Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin işgüzar turizm imkanları Almaniyada – “IMEX Frankfurt” sərgisində təbliğ edilib. 23-25 may tarixlərində Frankfurt şəhərində keçirilən ənənəvi sərgi dünya üzrə işgüzar tədbirlər sənayesinin ən mühüm tədbirlərindən biri hesab olunur. 

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu ilə yanaşı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi də daxil olmaqla ümumilikdə 10 yerli tərəfdaş təmsil olunub. Stenddə keçirilən görüşlərdə digər ölkələri təmsil edən nümayəndələrə Azərbaycanın müasir və geniş çeşidli xidmətlər təklif edən işgüzar turizm infrastrukturu, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Bakı Ekspo Mərkəzi kimi beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkanlar, eləcə də hotellər və irimiqyaslı biznes tədbirlərinə ev sahibliyi etmə potensialı haqqında məlumat verilib.

Bu il “IMEX Frankfurt” sərgisinə 150-dən çox ölkədən nümayəndələr qatılıb.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycan işgüzar turizmi təşviq edəcək bir sıra tədbirlərə – 74-cü Beynəlxalq Astronavtika Konqresi, Avropa Gənclər Parlamentinin 99-cu sessiyası, Avropa Cranio Maksillo Üz Cərrahiyyəsi Assosiasiyasının Regional Konqresi, həmçinin 2024-cü ildə “University Scholars Leadership” simpoziumuna ev sahibliyi etməyə hazırlaşır.