“Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi Qaydası” təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı mayın 24-də Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərar 1999-cu ildə qəbul edilmiş “Milli arxiv fondu haqqında” qanuna 2022-ci ildə edilən dəyişikliklər və yeni qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanın müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul olunub.

Qaydanın “Ümumi müddəalar”ında qeyd olunur ki, milli arxiv fondunun komplektləşdirilməsi mənbələri fəaliyyəti nəticəsində ictimai-siyası, iqtisadi, elmi, sosial-mədəni, tarixi əhəmiyyətli sənədləri yaranan və onları daimi dövlət mühafizəsinə məcburi qaydada təhvil verməli olan təşkilatlar, habelə arxiv sənədlərini müqavilə yolu ilə təhvil verən qeyri-dövlət idarə, müəssisə və təşkilatları və fiziki şəxslərdir. Arxiv fondu sənədləri daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilmək üçün hazırlanarkən yenidən ekspertizadan keçirilir, daimi mühafizə olunan sənədlərin və işlərin siyahıları, məhv edilmək üçün ayrılan sənədlərin və işlərin aktları tərtib edilir.