Dünyasını dəyişmiş insanlara olan sevgi və rəğbətimizi bildirmək baxımından memorial komplekslərin böyük önəmi vardır. “Memorial” latın sözü olan “memos”dan götürülüb, “yaddaşlarda qalan” deməkdir.

Memorial abidə ənənəsi min illərdir mövcuddur. Məsələn, Tac Mahal, Linkoln Memorial Kompleksi, Vyetnam veteranlarının xatirəsinə ucadılmış memorial kompleks və s. kimi abidələr sonrakı nəsillərin rahatlığı, azadlığı uğrunda canını qurban vermiş, öz vətəninin inkişafı yolunda böyük zəhmətlər çəkmiş şəxslərin xatirəsinə ehtiramı ifadə edən məkanlardır.

Memorial komplekslər həmçinin gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından çox vacib rol oynayır. Belə məkanlar insanları öz keçmişləri, tarixləri haqqında məlumatlandırmaqla yanaşı, keçmişdən ibrət almağa çağırır.

Bir də var soyqırımı memorial kompleksləri... Bəşəriyyət tarixin müxtəlif dönəmlərində bir sıra qəddarlıqlarla, əzablarla üzləşib. Belə insanlığa sığmayan əməllərdən biri də soyqırımıdır. Soyqırımı insanların kütləvi şəkildə qətlə yetirilməsi, yaşayış binalarının, tarixi abidələrin yerlə yeksan edilməsidir. 1948-ci ilin 9 dekabrında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya qüvvəyə minib. Bu günədək 141 ölkə tərəfindən bu Konvensiyanı təsdiqlənib.

Dünyanın bir çox ölkələrində soyqırımlar törədilib. Azərbaycan, Bosniya və Herseqovina, Ruanda, Kamboca, Ukrayna, Banqladeş və digər ölkələrdə, eləcə də yüz minlərlə dinc, günahsız insan qəddarlığın, irqi, dini ayrı-seçkiliyin qurbanı olub. Bu soyqırımlar nəyə görə törədilir, məqsəd nədir? Bu kimi suallara cavab tapa bilməsək də, ən azından dünyanın dörd bir tərəfində yaşayan insanların baş vermiş soyqırımı faktlarını pisləməsi onu göstərir ki, insanlıq hələ də ölməyib.

Soyqırımı, ümumiyyətlə, nə deməkdir? Yunan sözü olan “genos”un mənası qəbilə, tayfa, soy, “cide” isə latın sözü olub “öldürmək” deməkdir. Yəni bir soyun qırılması, öldürülməsi... İnsanlar arasındakı bu nifrət nəyə əsaslanır? Nəyə görə bir millət digər milləti qırmaq, soyunu məhv etmək istəsin? Suallar çoxdur, cavab isə yoxdur, bəlkə də...

Gəlin dünyanın müxtəlif yerlərində olan bir sıra soyqırımı və kütləvi qırğınları simvolizə edən memorial komplekslərə səyahət edək...

***

Srebrenitsa Soyqırımı Memorial Kompleksi – Serbiya Silahlı Qüvvələri tərəfindən 1995-ci ildə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmışdır. Soyqırımı zamanı əksəriyyəti müsəlman olmaqla 9 minə yaxın insan qətlə yetirilmişdir. 2006-cı ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar edilmişdir. Orada olan insan qalıqlarından 2070 nəfər qurbanın kimliyi müəyyən olunmamışdır. 7000 torbada saxlanılan cəsəd hissələrinin isə kimlərə aid olduğu müəyyən edilməmiş qalır. 11 avqust 2006-cı ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 nəfərin cəsədinin qalıqları üzə çıxarılmışdır.

Kigali Soyqırımı Memorial Kompleksi – Şərqi Afrikada yerləşən Ruanda Respublikasında soyqırımı qurbanlarının xatirəsinə ucaldılıb. Ruandada Hutu hökumətinin əmri ilə bu ölkədə yaşayan tutsilər 1994-cü ilin 6 aprel – 19 iyul tarixlərində soyqırımına məruz qalmışlar. Mənbələrindən yazdığına görə, həmin vaxt bir milyona yaxın insan qətlə yetirilmişdir. Baş vermiş soyqırımı aktında Fransanın da əli olduğu sübuta yetirilmişdir.

Xatın Memorial Kompleksi – Belarusun Minsk şəhərində II Dünya müharibəsində faşistlər tərəfindən qətlə yetirilmiş üç milyon insanın xatirəsinə ucaldılıb. Minsk şəhərinin şimal hissəsində yerləşən Xatın kəndinin 149 sakini də II Dünya müharibəsində yandırılaraq öldürülmüş, yalnız bir insan sağ qala bilmişdi.

Quba Soyqırımı Memorial Kompleksi. 2007-ci ilə kimi şəhər stadionu olaraq istifadə olunmuş ərazidə tikinti işləri aparılan zaman kütləvi insan məzarlığı tapılmışdır. Aparılan araşdırmalarla tapılmış kütləvi insan qalıqlarının 1918-ci ildə bolşevik adı altında silahlı erməni quldur dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı qətlə yetirilmiş sakinlər olduğu üzə çıxdı. 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən kütləvi məzarlığın tapıldığı ərazidə Soyqırımı Memorial Kompleksinin tikilməsi ilə bağlı sərəncam imzalanmışdır. Memorial kompleks 2012-2013-cü illərdə Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmişdir.

Arzumuz budur ki, bundan sonra insanların başına belə müsibətlər gətirilməsin. O zaman bu qəbildən memorial komplekslərə də ehtiyac qalmaz.

Namiq Bağırlı
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı