Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan teatrı" adlı layihəyə başlanılıb.

Ulu öndərin 100 illik yubileyi çərçivəsində reallaşan layihənin açılış mərasimində çıxış edənlər dahi siyasətçinin Azərbaycan teatrının inkişafına diqqət və qayğısından danışıblar. Bildirilib ki, Heydər Əliyevin teatra gəlişi, tamaşalardan sonra səhnə arxasında yaradıcı heyətlə görüşləri, söhbətləri sənətkarlara stimul verirdi.

Qeyd olunub ki, Ulu öndərin mədəniyyət və incəsənət xadimlərinə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mayın 6-da ölkə başçısının sərəncamı ilə bir qrup incəsənət xadiminə Prezident mükafatının verilməsi bunun bariz nümunəsidir. Prezident mükafatına layiq görülənlər arasında Salyan Dövlət Kukla Teatrının baş rejissoru Əməkdar artist Rafiq Mirzə də var.

Rejissor çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonra Rafiq Mirzənin həyat və yaradıcılığına həsr olunan "Kral Lir" filmi nümayiş etdirilib. Bədii-sənədli filmin rejissoru Kürçaylı Məmmədov, operatoru isə Romal Ağayevdir. Film ARB televiziya şəbəkəsinə aid olan “ARB Cənub” kanalının texniki dəstəyi ilə ərsəyə gəlib.

Nurəddin