Respublika Uşaq Kitabxanasında görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas-alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin (1863-1920) anadan olmasının 160 illiyi münasibətilə Nizami rayon 1 nömrəli uşaq evinin uşaqlarının iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə uşaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar. Yeni kitabxana texnologiyalarının tətbiqi, oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edilib.

Qeyd olunub ki, F.Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaradıb, ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr verib. Görkəmli maarifçi uşaq folklorunun toplanılması sahəsində də mühüm işlər görüb. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır.

Kitabxananın əməkdaşları “Balalara hədiyyə” kitabından “Qarı və pişik”, “Tülkü və kəklik”, “Pıspısa xanım və Siçan bəy” və digər nağıllar, habelə məsəllər, tapmacalar və s. uşaqların diqqətinə çatdırıblar.

Sonra qonaqlar F.Köçərli haqqında kitabxana əməkdaşlarının hazırladığı “Vətən fədaisi” slaydını izləyib, onları maraqlandıran suallar ətrafında müzakirə aparıblar. Balaca oxucular Zahirə Cabirin “Əvvəl zaman içində” kitabından “Şuşa nağılı”, “Xudafərin körpüsü əfsanəsi” və s. nağılları dinləyiblər.

Sonda uşaq evinin sakinlərinə kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilib.