Mayın 26-da Türkiyə paytaxtında Azərbaycan milli bayramı, 28 May – Müstəqillik Günü, eləcə də qarşıdan gələn 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirildi.

Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi mərasimdə Türkiyənin dövlət rəsmiləri, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, Türkiyədəki Azərbaycan diasporunun fəalları, elm və sənət adamları, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər, media mənsubları iştirak edirdi.

Açılış nitqi söyləyən ilə çıxış edən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov mayın 28-də yaradılmasının 105-ci ildönümü tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) 23 aylıq qısa ömrü olsa da, tariximizdə müstəsna yeri olduğunu vurğuladı. Diplomat Cümhuriyyətin nailiyyətlərindən birinin də 1918-ci ilin 26 iyununda Milli Ordunun təməlinin qoyulması olduğunu diqqətə çatdıraraq bu tarixin də milli istiqlal salnaməmizdə xüsusi yeri olduğunu bildirdi. Qeyd etdi ki, bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.

2023-cü ilin müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi və qardaş Türkiyə Cümhuriyyətinin də 100 illiyi olduğunu deyən səfir bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında münasibətlər deyil, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” münasibətləridir.

Mərasimdə çıxış edən Türkiyənin vitse-prezidenti Fuat Oktay son zamanlar ölkəmizin qazandığı uğurlara toxundu: “Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”

Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” prinsipini xatırladan Fuat Oktay qeyd etdi ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi günü-gündən daha da güclənir və iki qardaş ölkə arasındakı müttəfiqlik 2021-ci ilin “Şuşa Bəyannaməsi” ilə öz təsdiqini tapıb. “Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə və sabitləşməsinə də eyni səmimi dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük”, – deyə o əlavə etdi.

Tədbir Azərbaycanın Xalq artisti Azərinin və “Şuşa” musiqi qrupunun maraqlı ifaları ilə davam etdi.

Mehparə Sultanova
Ankara