Böyük Britaniyanın dünyaca məşhur mədəniyyət ocağı, Londondakı Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

1998-ci ildə Prezident Heydər Əliyev Böyük Britaniyaya səfəri zamanı tədbirin təşkil olunduğu bu məkanda konserti izləmiş və çıxış etmişdi. Ümummilli lider bu tarixi salonda Azərbaycan musiqisi və incəsənətinin təqdim edilməsinin vacibliyini vurğulamışdı. Həmin tarixi məqam mayın 25-də Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən yubiley tədbirinə daha bir özəllik verib.

Tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Böyük Britaniya Parlamenti İcmalar palatasının və Azərbaycan Milli Məclisinin deputatları, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun üzvləri, özəl sektorun nümayəndələri, ictimai xadimlər, Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi və konsert proqramı təqdim edilib. Sərgidə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə dair, Azərbaycan tarixinin əsas hadisələri, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri haqqında foto və məlumatlar yer almışdı.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Heydər Əliyevin ölkəmizin dünyada mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətindəki müstəsna xidmətlərindən danışıb.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxışında Heydər Əliyevi müasir Azərbaycanın qurucusu və çiçəklənməsinin səbəbkarı adlandırıb.

Konsert proqramında Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçısı Nəzrin Rəşidovanın yaratdığı, 25 ölkənin nümayəndələrinin cəmləşdiyi “FeMusa” kamera orkestri, Əməkdar artist, tarzən Sahib Paşazadə, Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Səbinə Rakçeyeva çıxış edib.